BDU-da “Postmüharibə dövründə sosial işin verə biləcəyi töhfələr” mövzusunda Beynəlxalq konfrans öz işinə başlayıb
Bu gün Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsi və “Azərbaycan Sosial İş” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Postmüharibə dövründə sosial işin verə biləcəyi töhfələr” mövzusunda Beynəlxalq konfrans öz işinə başlayıb.
Konfransın plenar iclasında BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev çıxış edərək Müzəffər Ali Baş Komandanın müdrik qərarları, rəşadətli ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi sayəsində Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra qalib dövlətimiz regionda əbədi sülhü bərqərar etmək üçün səylərini uğurla davam etdirir. Özünün konstruktiv, ədalətli mövqeyini müxtəlif formatlı danışıqlar masasında və diplomatik gedişlərdə ən yüksək səviyyədə ifadə edir.
Daha sonra prorektor bildirib ki, artıq tarixə çevrilən Qarabağ münaqişəsinin baş vermə səbəbləri, müharibə və postmüharibə dövründəki proseslər, Azərbaycan dövlətinin apardığı diplomatik mübarizə və bu kimi digər məsələlər elmi araşdırmaların, tədqiqat işlərinin mövzusu kimi diqqəti cəlb edir, bu istiqamətdə ciddi elmi araşdırmaların aparılmasını qarşımıza şərt kimi qoyur. Bu mövzularda tədqiqat işlərinin aparılması, həqiqətlərin, reallıqların, hadisələrin əsl mahiyyətinin elmi müstəviyə gətirilməsi və dünya ictimaiyyətinə, xalqımıza, eləcə də gələcək nəsillərə dolğun, real faktlara, etibarlı mənbələrə söykənən məlumatlar əsasında təqdim olunması günümüzün ən vacib məsələlərindəndir. Bu mənada ölkəmizin ən böyük universiteti kimi BDU alimlərinin üzərinə daha böyük məsuliyyət düşür. BDU-da sosial iş, sosial psixologiya ixsasları üzrə müəllim və tələbələrin, eləcə də universitetdə fəaliyyət göstərən Psixoloji Yardım Sektorunun postmüharibə dövründə müharibədən əziyyət çəkmiş hədəf qrupları ilə könüllü kimi sosial-psixoloji iş aparmaları üçün kifayət qədər geniş imkanları vardır.
Daha sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Əlaqələndirmə Qərargahı nəzdindəki İdarələrarası Mərkəzin “Qarabağa qayıdışın effektiv təşkili: repatriasiya potensialının qiymətləndirilməsi” üzrə Tədqiqat Qrupunun rəhbəri, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərli, “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov, “Qarabağa Dönüş” İctimai Birliyinin sədri Tural Gəncəliyəv, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, millət vəkili Mahir Abbaszadə, Türkiyə Sosial İşçilər Asossasiyasının İdarə Heyətinin Üzvü Ahmet Cemil Ölçer, BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev, Azərbaycan Sosial İş İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin üzvü Aytəkin Hüseynli çıxış ediblər.
Beynəlxalq konfrans işini bölmə iclasları ilə davam etdirib. Konfransın bölmə iclasları sabah da davam edəcək.