BDU-da postmüharibə dövründə gənclərdən olan gözləntilər müzakirə olunub
Bakı Dövlət Universitetində (BDU) “Postmüharibə dövründə gənclərdən olan gözləntilər və informasiya müharibəsində aktiv iştirakçılıq” mövzusunda gənclər təşkilatlarının rəhbərləri ilə görüş keçirilib.
Zəfər Gününə həsr olunmuş görüşdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev, Demokratik Azərbaycan Naminə Gənclər İctimai Birliyinin sədri Elməddin Behbud və NAYORA-nın Baş katibi Ramin Həbibzadə iştirak edib.
Görüşdə informasiya müharibəsində gənclərin rolundan və postmüharibə dövründə onların üzərinə düşən əsas vəzifələrdən bəhs olunub. Çıxışlarda gənclərin milli maraqlarımızı qoruması və sosial şəbəkələr vasitəsilə dünya ictimaiyyətinə çatdırması, tələbə təşkilatlarının bu istiqamətdə layihələri və ölkədə uğurla həyata keçirilən gənclər siyasəti əsas müzakirə mövzusu olub.
Universitetin tələbələri müzakirələrdə aktiv iştirak edib, təkliflərini səsləndirib və gənclər təşkilatlarının rəhbərlərinə suallar ünvanlayıblar.