BDU-da "Layihələrin idarə olunmasında “Agile” yanaşması" mövzusunda təlim
Bakı Dövlət Universiteti (BDU) və “Paşa Sığorta” ASC arasında əməkdaşlıq memorandumuna uyğun olaraq tələbələr üçün "Layihələrin idarə olunmasında “Agile” yanaşması" mövzusunda təlim keçirilib.
BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun müdiri Vasif Həsənov “Agile” yanaşmasının dövrün daha çox tələb olunan layihə idarəetmə növlərindən olduğunu bildirib və sektorun əmək bazarının yeni çağırışları istiqamətində apardığı fəaliyyətdən bəhs edib.
“Agile” Transformasiya Xidmətinin kouçu Elnur Məmmədli isə bu metodologiyanın yaranma tarixi, layihələrin idarə olunmasında tətbiqi haqqında iştirakçıları məlumatlandırıb. Qeyd edib ki, “Agile” bazarda baş verən bütün dəyişikliklərə, müştərilərin ehtiyaclarına, məhsullara olan tələblərə çevik reaksiya verə bilmək üçün bir yanaşmadır. Əmək bazarında bu sahəyə olan tələb hər keçən gün daha da artır.
Təlimin sonunda iştirakçılara şirkət tərəfindən sertifikat və həvəsləndirici hədiyyələr təqdim edilib.