BDU-da ilk dərs günündən 103 il keçir
Bu gün Bakı Dövlət Universitetində (BDU) ilk dərs günündən 103 il ötür.
1919-cu il sentyabrın 1-də gərgin müzakirələrdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ictimai fikir tariximizdə, elmin, maarifin inkişafında əvəzedilməz xidmətlər göstərəcək ilk universitetin açılması haqqında qanun qəbul edib. Bakı Dövlət Universitetinin idarə olunması və onun tədris-elmi fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyən edən nizamnamə 1919-cu il sentyabrın 29-da, parlamentin 79-cu iclasında qəbul olunub.
Universitet Şurası 1919-cu il noyabrın 10-da olan ilk iclasında professorların və digər akademik heyətin tərkibini təsdiq edib. 1919-cu il noyabrın 15-də şənbə günü universitetdə birinci dərs günü elan edilib. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah Vasili İvanoviç Razumovski olub.
1969-cu ildən – ümummilli liderimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etməsindən sonra BDU-nun həyatında yeni mərhələ başladı. Bu tarixdən sonra BDU Azərbaycan elminin və təhsilinin flaqmanı kimi ölkədə və ittifaq respublikalarının təhsil və elm ocaqları arasında böyük nüfuz qazandı. Universitetin 50 illik yubiley tədbirlərinə Ulu öndər Heydər Əliyevin şəxsən rəhbərlik etməsi, dövlət başçısı kimi bu ali təhsil müəssisəsinə hərtərəfli qayğısı BDU-nun şöhrətini daha da artırdı. 50 illik yubiley tədbirində Ümummilli lider Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək ana dilimizdə çıxış etməsi bu gün də qədirbilən xalqımız tərəfindən ehtiram, hörmət və izzətlə yad edilir. Ulu öndərimiz özü də həmin tarixi hadisəni dəfələrlə yada salmışdı: “Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, öz ana dilimdə, Azərbaycan dilində danışdım. Bu, böyük bir sensasiya kimi qəbul olundu – nə cür olur ki, respublikanın rəhbəri Azərbaycan dilində çıxış edir. Bəziləri məni bu hadisə münasibətilə təbrik edirdilər, minnətdarlıqlarını bildirirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar, doğrudan da, bunu böyük bir hadisə kimi qəbul etdilər”. Bu tarixi hadisənin, həmin dövrdə müdrik rəhbərin ali təhsil ocağına xüsusi diqqət və qayğısının sayəsində universitet yenidən milli oyanışın mərkəzinə, müstəqilliyimizə gedən yolun carçısına çevrildi.
BDU Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə də Ulu öndər Heydər Əliyevin sayəsində inkişafının yeni və daha inamlı mərhələsinə qədəm qoydu. Müstəqilliyin ilk illərindən ölkədə olan problemlərə, çətinliklərə rəğmən Ümummilli liderimiz universitetin elmi potensialı və maddi-texniki bazasının inkişafı üçün mühüm tədbirlər həyata keçirdi. Bu gün qürurla söyləyirik ki, ulu öndər Heydər Əliyev BDU-nun dünya şöhrətli məzunu olmaqla yanaşı, hər zaman bu ali təhsil müəssisəsinin hamisi olub.
Doğma universitetimiz son 19 ildə Prezident İlham Əliyevin də diqqət və qayğısı ilə əhatə olunub. Prezidentin müvafiq Sərəncamı ilə 2019-cu ildə BDU-nun 100 illik yubileyi təntənəli şəkildə ölkədə və xaricdə qeyd olunub, əməkdaşlarımız ali dövlət mükafatları ilə təltif edilib. Dövlətimizin başçısının universitetin 100 illik yubiley mərasimindəki proqram xarakterli çıxışı bu gün hər birimiz üçün yol xəritəsidir. BDU kollektivi həmişə olduğu kimi bu gün də Ulu Öndərin siyasətini, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi prioritetləri rəhbər tutaraq öz fəaliyyətini davam etdirir və ölkəmizin inkişafı naminə əzmlə çalışır. Xüsusilə, tarixi Zəfərlə bitən 44 günlük Vətən müharibəsindən ötən 2 il ərzində kollektivimiz və tələbələrimiz əldə etdiyimiz şanlı qələbədən güc alaraq Azərbaycanda elmə, təhsilə, vətəndaş cəmiyyəti quruculuğuna daha böyük töhfələr verir. Kollektivimiz, tələbələrimiz respublikamızda dövlətçiliyin daha da möhkəmləndirilməsi, ulu öndər Heydər Əliyevin inkişaf doktrinasının parlaq şəkildə həyata keçirilməsi yolunda öz missiyasını yerinə yetirir, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunaraq elmimizə və təhsilimizə xidmət göstərməkdən şərəf duyur.
103 il əvvəl 2 fakültə, 44 nəfər professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan universitetdə hazırda 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, elmi-tədqiqat laboratoriyaları, 2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 5 beynəlxalq institut və mərkəz, 1 filial, 1 kollec və 1 lisey fəaliyyət göstərir. Universitetdə ali təhsilin bütün səviyyələrində 24 mindən çox tələbə təhsil alır, 3 mindən çox əməkdaş, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi çalışır. Onlardan 250-dən çoxu elmlər doktoru, professor, 1000 nəfərə yaxın əməkdaş isə fəlsəfə doktoru, dosentdir.
Hazırda universitetdə tədris tarixi ənənələrin və innovativ dünya təcrübəsinin vəhdəti şəklində həyata keçirilir, elmi-tədqiqat işlərinin məzmunu yenilənir, beynəlxalq akademik əlaqələr, eyni zamanda ölkədaxili əməkdaşlıq inkişaf etdirilir.
Universitetdə elmi fəaliyyətin səmərəli təşkili məqsədilə müəyyənləşdirilən strateji xətt sayəsində son dövrlər aparılan elmi-tədqiqat işlərinin məzmunu yenilənib, səviyyəsi artıb, alınan nəticələrin bilavasitə tətbiq sahələrinə yönəldilməsi istiqamətində əvvəlki illərlə müqayisədə daha müsbət nəticələr əldə edilib. BDU-da 2021-ci ildə ilk dəfə olaraq yaradılmış Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi (Center of Excellence) təhsil-elm-istehsalat əlaqəsinin tətbiqi və elmi nəticələrin kommersiyalaşdırılması prinsiplərini əsas götürərək sənaye və istehsalat ilə əlaqələri genişləndirib. Mükəmməllik Mərkəzinin nəzdində Sənaye kimyası, Biomühəndislik, Mikrobiologiya və virusologiya, Astrokosmik və atmosfer tədqiqatları və Rəqəmsal araşdırmalar kimi yeni sənayeyönümlü elmi-tədqiqat laboratoriyalarının yaradılması qurumun fəaliyyətini daha da gücləndirib.
BDU Avropa və dünya tendensiyalarına uyğun qabaqcıl texnologiya və nailiyyətlər səviyyəsində peşəkar sahələrin yaradılması və inkişafını təmin edə bilən mütəxəssislər, elmi və elmi-pedaqoji, mühəndis-texniki kadrlar hazırlayan, sənaye müəssisələri ilə olan mövcud əlaqələri inkişaf etdirməklə elmi nəticələri kommersiyalaşdıran struktura və bazaya malikdir. “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, BDU-nun Hirş indeksi (h-indeksi) artaraq hazırda 54-ə yüksəlib. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2018-ci ildə 35-ə, ötən il 47-ə bərabər idi.
Son illər BDU-da dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlıq çərçivəsində bir neçə ikili diplom proqramı həyata keçirilir. BDU “Times Higher Education” beynəlxalq reytinqinə Azərbaycan üzrə daxil olan yeganə, “QS World University Rankings” beynəlxalq reytinqində isə ölkəmizi təmsil edən iki universitetdən biridir. Azərbaycan üzrə “Web of Science” bazasında indekslənən jurnallarda dərc olunmuş məqalələrin 25 faizi BDU-nun alimlərinə məxsusdur.
Son illər universitetin beynəlxalq əlaqələri də ən müxtəlif platformalarda genişlənməkdə və inkişaf etməkdədir. Son dövrlər BDU ilə Türkiyənin Bilkənt, Ankara, İstanbul, Kafkas və digər universitetləri, İzmir Yüksək Texnologiya İnstitutu, Fransanın Lion-2 Universiteti, Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti, Berlin Texniki Universiteti, Çinin Anhui Universiteti, Çex Respublikasının Cənubi Bohemia Universiteti, Özbəkistanın Daşkənd Dövlət Hüquq Universiteti, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti, Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti, Cənubi Koreyanın Kyunqvoon Universiteti, Qazaxıstanın Əl-Farabi adına Qazax Milli Universiteti, Atırau Dövlət Universiteti, Pakistanın Lahor Universiteti, İsrailin Holon Texnologiya İnstitutu, ABŞ-ın Linkoln Universiteti, Portuqaliyanın Tomar Politexnik Universiteti, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti və digər universitetlər arasında əməkdaşlıq sazişləri, bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə ikili diplom proqramına dair müqavilələr imzalanıb. 2022-ci ildə həmçinin BDU Almaniyanın Berlin Humboldt, Çexiyanın Karlova, Rumıniyanın Babes-Bolyai Universitetləri ilə Erasmus mübadilə protokolu imzalayıb. Bütün bunlar BDU-nun dünyanın qabaqcıl elm və təhsil məkanına inteqrasiyasını şərtləndirir və bu prosesi daha da sürətləndirir.
BDU nüfuzlu beynəlxalq təşkilatlarla da əməkdaşlığı özünün proritetlərindən hesab edir və bu istiqamətdə səylərini günbəgün gücləndirir. Bu il BDU daha bir beynəlxalq quruma – ICESCO-nun nəzdində fəaliyyət göstərən İslam Dünyası Universitetləri Federasiyasına (FUIW) üzv qəbul edildi. FUIW-ə üzvlük BDU-nun akademik və inzibati imkanlarının genişlənməsinə, elmi tədqiqatların inkişafına və təcrübə mübadiləsinin reallaşmasına şərait yaradacaq. Bu sahəyə yönəlmiş proqram və layihələrin həyata keçirilməsi isə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və təşviq edilməsi istiqamətində mühüm rol oynayacaq. 1987-ci ildə Mərakeşin Rabat şəhərində əsası qoyulmuş İslam Dünyası Universitetləri Federasiyasının əsas məqsədi bütün sahələrdə elmi tədqiqatların səviyyəsini yüksəltmək, təhsil, elm, mədəniyyət və texnologiya sahələrində təcrübə mübadiləsini artırmaq, islam ölkələrində elmi və texnoloji inkişafdan faydalanmaq üçün ali təhsilin təkmilləşdirilməsi və inkişafına yardım etməkdir.
2022-ci ildən Universitetdə ICESCO-nun Biotibbi materiallar kafedrasının fəaliyyətə başlaması da xüsusi qeyd edilməlidir. Həmçinin vurğulamaq lazımdır ki, kafedra ICESCO-nun Azərbaycanda ilk ixtisaslaşdırılmış kafedrasıdır. Biotibbi materiallar kafedrasının yaradılmasında məqsəd sənaye və akademik ictimaiyyət arasında əlaqələri, təhsil-elm-sənaye üçlüyünün qarşılıqlı inteqrasiyasını inkişaf etdirmək, tələbə və gənc alimləri biotibbi materialların tətbiqi ilə bağlı tədqiqatlara cəlb etmək, həmçinin bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirməkdir. Kafedrada akademik heyətlə sənayedən olan mütəxəssislərin birgə əməkdaşlığı tibbin müxtəlif sahələri üçün perspektiv sayılan nanomodifikasiya olunmuş materialların laboratoriyadan istehsalata kliniki transferinin məqsədyönlü şəkildə asan həyata keçirilməsinə şərait yaradılacaq. Beynəlxalq fənlərarası şəbəkənin yaradılması yolu ilə nanosistemlərin ilkin dizaynının hazırlanması, effektivliyinin klinikadan əvvəlki sınaqlarının aparılması, farmakokinetika və toksikliyinin müəyyən edilməsinə nail olunacaq. Kafedra biotibbi materiallar üzərində tədqiqat işlərin aparılmasına, ICESCO-ya üzv dövlətlərdən olan tələbə və gənc alimlərin bu araşdırmalara cəlb edilməsinə və müxtəlif ölkələrlə bu sahədə əməkdaşlığın qurulmasına yardım göstərəcək.
BDU ölkəmizdə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq dünya elminin qabaqcıl elmi və təlim-tədris nailiyyətlərindən istifadə etməklə əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması istiqamətində ABŞ, Almaniya, Fransa, İsrail, İsveç, Qazaxıstan və s. kimi ölkələrin qabaqcıl 8 universitet və institutu ilə bakalavriat, magistratura, doktorantura pilləsi üzrə beynəlxalq ikili diplom proqramlarını tətbiq edir. BDU beynəlxalq reytinqlərdə mövqeyini möhkəmləndirir. Ötən il BDU Azərbaycandan yeganə universitet olaraq Times Higher Education beynəlxalq reytinqinə daxil edilib.
BDU-da beynəlxalq əlaqələrlə yanaşı, ölkədaxili əməkdaşlığa da xüsusi önəm verilir. Bu əlaqələr dövlət qurumları və özəl şirkətlərlə yaradılır, bilavasitə tədris prosesinin, elmi tədqiqat fəaliyyətinin səmərəli təşkilinə, eləcə də məzunların işlə təmin olunmasına yönəldilir. Son dövrlər Qarabağ Dirçəliş Fondu, Baş Prokurorluq, Əqli Mülkiyyət Agentliyi, Vəkillər Kollegiyası, Əmlak Məsələləri Dövlət Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), DOST Agentliyi, AzerGold, PAŞA Bank, “PAŞA sığorta”, “PAŞA Həyat Sığorta”, Mediasiya Şurası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, “Xəzər TV” MMC, “ARB 24” telekanalı və digər qurumlarla müvafiq memorandumlar, müqavilələr imzalanıb. Təsadüfi deyil ki, BDU-nun əlaqələrinin inkişafı nəticəsində son 2 ildə 30-a yaxın milli və beynəlxalq qrant və müqavilə əsasında layihə həyata keçirilib, 80-dən çox tələbə, doktorant, gənc tədqiqatçı layihələrdə təmsil olunub.
2020-ci ilin sentyabr ayının 27-də mənfur düşmənin növbəti təxribatlarına cavab olaraq başlayan və tarixi Zəfərlə başa çatan Vətən müharibəsində BDU kollektivi, tələbələrimiz və məzunlarımız həm ön, həm də arxa cəbhədə fədakarlıq göstərib. Universitetin çoxsaylı tələbə və məzunu könüllü olaraq cəbhəyə yollanmış, onlardan 19 nəfəri müqəddəs şəhidlik zirvəsinə ucalıb. Universitet rəhbərliyi və kollektivi mütəmadi olaraq şəhid məzun və tələbələrin ailə üzvləri ilə əlaqə saxlayır, Vətən müharibəsindən qalib əsgər kimi qayıtmış və təhsilini davam etdirən tələbələrə xüsusi həssaslıqla yanaşır. Eyni zamanda, Vətən müharibəsi günlərində BDU kollektivi və tələbələri ön cəbhədə olduğu kimi, arxa cəbhədə də mübarizə aparıb, xüsusilə informasiya savaşına özlərinin töhfələrini veriblər. Tarixi qələbədən keçən dövr ərzində də BDU kollektivi bu sahədə fəaliyyətini davam etdirir, informasiya müharibəsində, müharibənin nəticələrinin araşdırılmasında mühüm rol oynayır.
Vətən müharibəsində müzəffər sərkərdəmiz, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun parlaq Qələbəsindən sonra BDU-da iki akademik layihəyə başlanılıb. BDU-nun nüfuzlu professor-müəllim heyətinin, ölkəmizin nüfuzlu alimlərinin iştirak etdiyi hər iki layihə uğurla yerinə yetirilib. Bu layihələrdən birincisi – “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat” Azərbaycan və ingilis dillərində nəşr olunub və ictimaiyyətə təqdim edilib. Beynəlxalq hesabatda təqribən 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən Azərbaycan Respublikası ərazilərinin işğalı nəticəsində həmin ərazilərdən olan məcburi köçkünlərin pozulmuş hüquqlarının, dəymiş ziyanın əhatə dairəsinin və istiqamətlərinin müəyyən edilməsi, beynəlxalq təcrübəni öyrənməklə pozulmuş hüquqların bərpası, nəhayət dəymiş ziyanın Ermənistan tərəfindən ödənilməsi üçün beynəlxalq-hüquqi mexanizmlər təhlil edilib. Hesab edirik ki, hesabat olduqca aktual bir məsələnin beynəlxalq-hüquqi müstəvidə həll olunmasına yönəlib və məsələnin gələcəkdə müsbət həll olunmasına da töhfə verəcək.
İkinci akademik layihə isə “Vətən müharibəsi dövründə yerli və xarici medianın fəaliyyətinin təhlili” layihəsidir. Biz ölkəmizin jurnalistika elmi sahəsində ən böyük elmi potensialı olan ali məktəbi kimi, hesab etdik ki, Vətən müharibəsi dövründə Azərbaycan Respublikası Prezidentinin xarici KİV-ə müsahibələrinin Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, informasiya müharibəsində oynadığı əvəzsiz rolunu öyrənmək, müharibə dövründə yerli və xarici mediada dərc olunan məqalələri və müsahibələri araşdırmaq, beynəlxalq medianın baxışını və yerli medianın fəaliyyətini akademik səviyyədə qiymətləndirərərək, bu materiallardan tədris prosesində istifadə etmək zəruridir. Ona görə də universitetin nüfuzlu alimləri və ölkəmizin tanınmış jurnalistləri bu layihəyə cəlb edildi. Layihə uğurla başa çatdı və layihə çərçivəsində üç kitab nəşr olundu.
Birinci kitabda – “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə müsahibələri” kitabında Vətən müharibəsinin getdiyi gərgin günlərdə dövlətimizin başçısının xarici media orqanlarının nümayəndələrinə verdiyi parlaq müsahibələri, bu müsahibələrin informasiya cəbhəsində, Qarabağ həqiqətlərinin, Azərbaycanın haqq mübarizəsinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rolu təhlil edilib. Kitabda Prezidentin həmin parlaq müsahibələri jurnalistika aspektindən təhlil olunub, ölkə rəhbərinin müsahibələri və bu müsahibələrin təhlili BDU Elmi Şurasının qərarı ilə dərs vəsaiti kimi təsdiq edilib. İnanırıq ki, bu dərs vəsaiti tədris prosesində geniş istifadə olunacaq, jurnalistika, tarix, beynəlxalq münasibətlər və digər əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələr üçün qiymətli mənbə olacaq.
“Vətən müharibəsi yerli və xarici mediada” adlı ikinci kitabda Vətən müharibəsi dövründə ölkə KİV-nin fəaliyyəti, xarici media orqanlarında, eləcə də Ermənistan mətbuatında dərc olunan məqalələr, müsahibələr, reportajlar, analitik yazılar və s. araşdırılıb, beynəlxalq medianın müharibəyə baxışına nəzər salınıb, fərqli yanaşmalar sistemləşdirilib, ümumiləşdirmələr aparılaraq təqdim olunub.
“Vətən müharibəsi dövründə Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları” adlı üçüncü kitabda isə 44 günlük Vətən müharibəsi dövründə BDU-nun professor-müəllim heyəti və tələbələrinin kütləvi informasiya vasitələrində çıxışları toplanıb.
Artıq ikinci ildir ki, doğma universitetimizin yaradılmasının növbəti ildönümünü torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün təmin olunması şəraitində qeyd edirik. Möhkəm təməlləri ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan Respublikası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib. Tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən keçən dövr ərzində ölkəmiz günbəgün daha da inkişaf edir. Düşmən tapdağından azad edilmiş əzəli torpaqlarımızda müqayisəyəgəlməz sürətlə genişmiqyaslı quruculuq işləri aparılır, qəsəbələr salınır, hava limanları inşa edilir. Böyük Zəfər digər zəfərlərə yol açır. BDU-nun çoxminli kollektivi və tələbələri də qalib ölkənin məğrur vətəndaşları kimi ölkəmizin bugünkü inkişafından, tərəqqisindən güc alaraq gələcəyə daha böyük inamla addımlayır.
Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi, Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır! Milli sərvətimizi qoruyaq və inkişaf etdirək!