BDU-da elmi seminar: “İtaliyada türk dillərinin öyrənilməsi”
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasında “İtaliyada türk dillərinin öyrənilməsi” mövzusunda elmi seminar keçirilib. Seminarda Türkologiya kafedrasının professor-müəllim heyəti və magistrantları iştirak ediblər.
Kafedra müdiri, professor Məhərrəm Məmmədov seminarın mövzusunun əhəmiyyətinə toxunub, Avropada fəaliyyət göstərən əsas türkoloji mərkəzlərin, o cümlədən italyan türkoloqlarının fəaliyyətinin araşdırılmasının vacibliyini diqqətə çatdırıb.
Mövzu ilə bağlı məruzə edən “Türkoloji araşdırmalar” elmi-tədqiqat laboratoriyasının elmi işçisi Pərvin Eyvazov İtaliyada aparılan türkoloji tədqiqatlar, xüsusilə türk dillərinin öyrənilməsinə dair araşdırmalar haqqında ətraflı məlumat verib. Məruzədə Avropada türklər haqqında yazılmış ilk araşdırmaların müəllifləri olan Andrea Dandolo, Filippo Argenti, Pyetro Ferraquto, Covanni Battista Donado, Cambattista Toderini, habelə müasir italyan türkologiyasının görkəmli nümayəndələri Luici Bonelli, Ettore Rossi, Alessio Bombaci, Aldo Qallotta, Anna Masala və başqa alimlərin fəaliyyətlərindən ətraflı söz açılıb, İtaliyanın Neapol Şərqşünaslıq Universiteti, Ka Foskari Venesiya Universiteti, Florensiya Universiteti, Leççe Salento Universiteti, Roma Sapientsa Universitetinin və s. italyan türkologiyasının inkişafındakı rolundan bəhs edilib.
Professor Elbrus Əzizov, dosentlər Firəngiz Kərimli və Kəmalə Nəcəfova, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev və başqaları məruzəçiyə suallar ünvanlayıb, mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Seminar müzakirələrlə yekunlaşıb.