BDU-da “Ekoloji kimya və ətraf mühitin mühafizəsinin müasir problemləri” mövzusunda Respublika elmi konfransı keçirilir
Bakı Dövlət Universitetinin (BDU) 105 illik və Ekoloji kimya kafedrasının 20 illik yubileylərinə həsr olunmuş “Ekoloji kimya və ətraf mühitin mühafizəsinin müasir problemləri” mövzusunda Respublika elmi konfransı keçirilir.
Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, bu gün Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsi, iqlim böhranı ilə mübarizə və “yaşıl iqtisadiyyat”a keçid üçün strateji mexanizmlərin işlənib hazırlanması məsələlərində fəal mövqe tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” beş əsas Prioritetdən biri kimi götürülüb. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın ev sahibliyi etməsi və bunun nəticəsində mühüm qərarların qəbulu ölkəmizin böyük uğurudur. 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ölkəmizin bu istiqamətdəki hədəflərinə daha tez çatmasına imkan verəcək.
Rektor diqqətə çatdırıb ki, son illərdə BDU-da ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri ilə mübarizə istiqamətində aparılan elmi-tədqiqat işləri genişlənir, ekoloji maarifləndirmə və ekoloji məsuliyyətin artırılması üçün layihələr həyata keçirilir. Universitetdə 5 kafedradan ibarət Ekologiya və torpaqşünaslıq fakültəsi, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzində Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. BDU ekoloji problemlərin həlli üzrə elmi-pedaqoji kadr potensialı və infrastrukturunu daim təkmilləşdirir və inkişaf etdirir. 2024-cü ildə ətraf mühitin mühafizəsi əleyhinə törədilmiş qeyri-qanuni əməllərin araşdırılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə BDU-nun nəzdində ECOLEAD Klinikası yaradılıb. Tələbələr “yaşıl enerji”, “yaşıl texnologiyalar” sahələrində layihələr hazırlayır və müxtəlif beynəlxalq tədbirlərdə təqdim edirlər. Universitetdə açılışı olan "Eko Məkan" yeni innovativ metodlarla “yaşıl enerji” ilə “yaşıl qida” istehsalı, “yaşıl atmosfer”in formalaşdırılması yollarının tələbələrə öyrədilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Rektor qeyd edib ki, BDU-nun 121 kafedrası arasında öz məhsuldarlığı ilə seçilən Ekoloji kimya kafedrası 2004-cü ildə Kimya fakültəsinin nəzdində akademik Rəfiqə xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb. Yarandığı dövrdən kafedraya professor Sevinc Hacıyeva rəhbərlik edir. Ekoloji kimya kafedrasının xüsusilə Qarabağ, Şərqi Zəngəzur, Abşeron gölləri, Kür çayının ekoloji, kimyəvi tədqiqi ilə bağlı araşdırmaları mühüm əhəmiyyət daşıyır. Kafedrada korroziyaya davamlı yeni üzvi birləşmələrin sintezi, tullantı sularının təmizlənməsinin yeni metodları, bir sıra ağır metal ionlarının miqdarının təyini və qatılaşdırılaraq ayrılmasını təmin edən yeni metodikaların işlənib hazırlanması mövzusunda geniş tədqiqat işləri aparılır. Kafedra əməkdaşları tərəfindən 35-dən çox dərslik və dərs vəsaiti, 550-dən artıq elmi əsər nəşr edilib.
Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı Ekoloji kimya kafedrasının tarixinə nəzər salıb, son illər yaradılan yeni ixtisas və ixtisaslaşmalar haqqında məlumat verib. Ekologiya və torpaqşünaslıq fakültəsində ən çox doktorant qəbulu məhz Ekoloji kimya kafedrası tərəfindən həyata keçirilir. Doktorantlar, gənc tədqiqatçılar kafedrada tədris prosesinə cəlb olunur. Akif Ağbabalı qeyd edib ki, konfransa 30-dan çox təşkilatdan 206 elmi məqalə daxil olub, onlardan 178 tezis-məqalə nəşr üçün qəbul edilib.
Daha sonra Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva kafedranın tarixi, tədris və elmi fəaliyyəti, beynəlxalq əlaqələrindən bəhs edib. O bildirib ki, Azərbaycanda ekoloji kimyanın təməlini akademik Rəfiqə xanım Əliyeva qoyub. Ekoloji kimya kafedrası 2004-cü ildə Kimya fakültəsinin nəzdində akademik Rəfiqə Əliyevanın təşəbbüsü ilə yaradılıb, ilk yarandığı dövrdə Ekoloji kimya kafedrası həmin ixtisas üzrə tələbə qəbulu həyata keçirib. 2011-ci ildən Ekologiya və torpaqşünaslıq fakültəsinin yaradılması ilə həmin fakültənin nəzdində fəaliyyət göstərməyə başlayıb. 20 illk fəaliyyəti dövründə kafedra Azərbaycan və dünyanın müxtəlif ölkələri üçün peşəkar kadrlar hazırlayıb, 26 nəfər fəlsəfə doktoru, 7 nəfər elmlər doktoru elmi dərəcəsi qazanıb. Fəaliyyəti dövründə kafedra əməkdaşları 23 patent alıb, 7 qrant layihəsinin qalibi olublar. Son illərdə kafedrada korroziyaya davamlı yeni üzvi birləşmələrin sintezi, tullantı sularının təmizlənməsini yeni metodları və kimyəvi ekologiya sahəsində elmi-tədqiqat işlərinə xüsusi diqqət yetirilir. Bildirilib ki, hazırda kafedra əməkdaşları əsasən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur regionlarında ətraf mühitin vəziyyətinin ekoloji, kimyəvi tədqiqi üzərində çalışırlar.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova, Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev, Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev, akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov çıxışlarında Ekoloji kimya kafedrasının yubileyini təbrik edib, ölkəmizdə ekologiyanın qorunması, ekoloji savadlılıq, “yaşıl təhsil” istiqamətində mühüm fəaliyyətində uğurlar arzulayıblar.
Konfrans işini 9 bölmə iclasında bu gün və sabah davam etdirəcək.