BDU-da buğda genotiplərində metal oksid nanohissəciklərin antioksidant fermentlərin fəaliyyətinə təsirinə dair araşdırmalar aparılır
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının doktorantı Günel İsmayılova tərəfindən “Buğda genotiplərinin yarpaqlarında metal oksid nanohissəciklərinin antioksidant fermentlərin fəaliyyətinə təsiri” mövzusunda elmi seminar keçirib.
Mühazirəçi müxtəlif buğda genotiplərinin cücərtilərində dəmir, sink, titan və alüminium oksidləri nanohissəciklərinin müxtəlif qatılıqlarda polifenoloksidaza, askorbatperoksidaza, katalaza və superoksiddismutaza kimi fermentlərin aktivliyinə, fotosintetik piqmentlərin miqdarına və məhsuldarlıq parametrlərinə təsiri haqqında məlumat verib. Qeyd edib ki, tədqiqatlarda istifadə olunan metal oksidi nanohissəciklərinin antioksidant fermentlərin fəaliyyətinə təsiri mövcuddur və bu, dozadan asılı xarakter daşıyır. Belə ki, yumşaq və bərk buğda sortlarının cücərtilərində dəmir, sink və titan oksidi nanohissəciklərinin antioksidant fermentlərin aktivliyinə stimullaşdırıcı təsiri 0,01 mM qatılıqda müəyyən edilib. Alüminium oksidi nanohissəcikləri isə istifadə edilmiş bütün qatılıqlarda supressiv təsir göstərib.
Sonda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.