BDU-da “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək
Bakı Dövlət Universiteti və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının birgə təşkilatçılığı ilə 2021-ci ilin 23-24 dekabr tarixlərində “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Dahi şairin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdir ki, Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində layiqli yerini qoruyub saxlayır. 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunması Nizami irsinin öyrənilməsi, tədqiqi və təbliği istiqamətində yeni imkanlar yaradır. “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda beynəlxalq elmi konfrans Nizami Gəncəvinin həyatı və yaradıcılığının bütün istiqamətlər üzrə yeni təfəkkür əsasında tədqiq və təhlil edilməsinə, böyük şairin dünyada sülhün, ədalətin, insanpərvərliyin bərqərar olması ilə bağlı bəşəri çağırışlarının daha dərindən öyrənilib, dünyaya çatdırılmasına kömək edəcək.
Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:
- Nizami Gəncəvi bəşəri ideyalar carçısı kimi
- Fəlsəfi fikir tarixində Nizami fenomeni
- Azərbaycan ədəbiyyatında Nizami ənənələri
- Nizami və tarix
- Nizami və folklor
- Nizami və dünya ədəbiyyatı
- Nizami və türk xalqları ədəbiyyatı
- Nizami əsərlərinin mənbələri
- Nizami yaradıcılığında didaktika
- Nizaminin ictimai baxışları
- Nizami irsi dünya mədəniyyəti kontekstində
- Nizamişünaslıq müasir mərhələdə
- Nizami əlyazmalarının mətnşünaslıq baxımından öyrənilməsi
- Nizami əsərlərinin tərcüməsi məsələləri: təcrübə, problemlər, həll yolları
Tezislər aşagıdakı linkdə mövcud olan sistem vasitəsilə onlayn yüklənməlidir: http://nizamiganjavi880.bsu.edu.az/#link5
Tezislərin tərtib olunma qaydaları:
Konfransın işçi dili: Azərbaycan, türk, rus və ingilis dilləri
Tezisin adı 12 sözdən çox olmamalıdır.
Tezisin adı: böyük hərflərlə, qalın şrift, şrift ölçüsü 14 pt, şrift Calibri
Müəllifin soyadı, adı, atasının adı: qalın şriftlə, şrift ölçüsü 12 pt, şrift Calibri
Təşkilat, şəhər və ölkənin adı: adi şriftlə, kursiv, şrift ölçüsü 12 pt, şrift Calibri
Elektron ünvan: adi şriftlə, kursiv, şrift ölçüsü 12 pt, şrift Calibri
Təqdim olunmuş tezisin həcmi 500 sözü keçməməli, format A4, fayl formatı *doc, *docx, şrift Calibri, şrift ölçüsü 14 pt, yuxarıdan 2,7 sm, aşağıdan 2,0 sm, soldan 2,0 sm, sağdan 2,5 sm. boşluq, interval 1 olmalıdır.
İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içərisində göstərilməlidir (məsələn, [2]).
Ədəbiyyat siyahısı mətnin sonunda verilməlidir (məsələn, 2. Abdullayeva M. Nizami nə barədə yazırdı? // “H.Əliyev və Azərbaycan filologiyası” mövzusunda elmi-nəzəri konfransın materialları. Bakı, 22 may 2019, s.37-43)
İştirakçı haqqında bütün məlumatlar onlayn müraciət sisteminə daxil edilməlidir.
Konfransın elmi istiqamətlərinə uyğun gəlməyən tezislər qəbul edilməyəcək.
Konfransın materialları (məqalə və tezislər toplusu) nəşr ediləcək və iştirakçılara müvafiq setifikatlar veriləcəkdır. Seçilmiş məqalələr nüfuzlu jurnallarda dərc ediləcək.
Konfransın keçiriləcəyi yer və əlaqə:
Bakı Dövlət Universiteti,
AZ1148, Z.Xəlilov küç., 33.
Tel: (+99412) 5390373
Mob: (+99451) 610 53 79 və (+99450) 741 21 85
E-poçt: [email protected]