BDU-da “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda Beynəlxalq elmi konfrans başlayıb
Bu gün Bakı Dövlət Universiteti (BDU) və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının birgə təşkilatçılığı ilə “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda Heydər Əliyev Fondunun hazırladığı Azərbaycanın əsrarəngiz gözəlliklərini əks etdirən video təqdim olunub.
Açılış mərasimində BDU-nun rektoru Elçin Babayev çıxış edərək elmi konfransın işinə uğurlar arzulayıb. Qeyd edib ki, 2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığının fəlsəfi fikir tarixində rolundan bəhs edərək Nizami irsinin sadəcə ədəbiyyat deyil, eyni zamanda musiqi, memarlıq, ictimai-siyasi düşüncənin inkişafına da təkan verdiyini diqqətə çatdırıb. Nizami Gəncəvinin kamil insan, ədalətli hökmdar modeli haqqında fikirlərinin onun “Xəmsə”sində əsas xətti təşkil etdiyini qeyd edib.
Rektor BDU və M.V.Lomonosov adına MDU-nun Bakı Filialının birgə təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan və xarici ölkə alimlərinin Nizami dühasından bəhs edən maraqlı məruzələrin dinləniləcəyini bildirib.
Açılış mərasimində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Humanitar elmlər kafedrasının professoru Nazim Səfərov çıxış edərək akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Böyük Britaniyada ingilis dilində nəşr olunmuş, məşhur şərqşünas-alim Yevgeni Bertelsin “The Great Azerbaijani Poet, Nizami. Live, Work and Times” kitabı haqqında məruzə edib. Qeyd edib ki, Azərbaycanı, Qafqazı və Orta Asiyanı öyrənən Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən bu akademik elmi əsərin dünya elm adamlarının ixtiyarına verilməsi mümkün olub. Kitab üçün illüstrasiyaların orijinalları dünyanın ən qədim kitabxanalarından götürülüb və kitab keyfiyyətli şəkildə çap edilib. 2013-cü ildə akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Oksford Universitetində yaradılan Mərkəz Birləşmiş Krallıqda Azərbaycanı hərtərəfli, sistemli öyrənən ilk və yeganə elmi-akademik qurumdur.
Daha sonra Milli Məclisin üzvü, akademik Nizami Cəfərov, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, Milli Məclisin üzvü, BDU-nun professoru Jalə Əliyeva, Türkiyə Cümhuriyyətinin Fırat Universitetinin professoru Süleyman Kaan Yalçın, Fırat Universitetinin rektoru, professor Fahrettin Göktaş (onlayn), Tacikistan Respublikası Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru Şodimuhamməd Sufizodə, Özbəkistan Respublikasının Cizzax Dövlət Pedaqoji İnstitutunun professoru Gülcaxon Cumanazarova, Türkiyə Cümhuriyyətinin Bilkənt Universitetinin professoru Rasim Özyürek (onlayn), Kazan Dövlət Mədəniyyət İnstitutunun professoru Güzalya Həziyeva, Türkiyə Cümhuriyyətinin Akdeniz Universitetinin professoru Oğuzxan Qaraburqu çıxış ediblər. Çıxışlarda böyük Azərbaycan şairinin yubileylərinin hər zaman beynəlxalq səviyyədə qeyd olunduğu, dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində özünəməxsus yerə malik nadir şəxsiyyətlərdən olduğu vurğulanıb, dahi şairin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsindən danışılıb. Qeyd edilib ki, Nizami özünün bu torpağa, bu dilə, bu mədəniyyətə bağlılığını bütün yaradıcılığında dönə-dönə ifadə edib, Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib.
Konfransda akademik Rafael Hüseynov ilk nömrəsi çap olunmuş “BDU-nun Şərqşünaslıq jurnalı”nın təqdimatını edib. Jurnalın ilk nömrəsində Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş məqalələrin əks olunduğunu bildirib.
Açılış mərasimində Azərbaycanı, Qafqazı və Orta Asiyanı öyrənən Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin professoru Edmund Hersinqin konfrans iştirakçılarına təbrik məktubu konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
Mərasim bədii hissə ilə davam edib, Xalq artisti Samir Cəfərov Nizami Gəncəvinin “Sənsiz”, “Sevgili canan” romanslarını ifa edib, BDU tələbələrinin ifasında N.Gəncəvinin əsərlərinin motivləri əsasında hazırlanan bədii kompoziyalar səhnələşdirilib.
Konfrans işini sabah da davam etdirəcək.