BDU-da “Atom energisi: rifah, yoxsa faciə?” adlı tədbir
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “Atom enerjisi: rifah, yoxsa faciə?” adlı tədbir keçirilib.
Fakültə dekanı Rövşən Cavadov tələbələrə atom enerjisinin müsbət və məni tərəfləri ilə bağlı məlumat verib. Qeyd edib ki, atom enerjisindən dinc məqsədlərlə istifadə insanların rifahının yaxşılaşdırılmasına, müharibə məqsədləri üçün istifadə isə bəşəriyyətin məhvinə səbəb ola bilər.
BDU-nun Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, professor İsmayıl Əliyev isə bildirib ki, nüvə (atom) enerjisi atom nüvələrinin bölünməsi və ya birləşməsi nəticəsində nüvə reaksiyası zamanı yaranan olduqca səmərəli enerjidir. Atom nüvəsindən əldə edilən enerjinin miqdarı digər üsullarla alınan enerjinin miqdarından daha çox olur. Az miqdarda radioaktiv atom kütləsindən istifadə etməklə daha çox enerji əldə edilir. Məsələn, 1 kq radioaktiv urandan alınan enerji 200 ton kömürdən alınan enerjiyə bərabərdir.
İsmayıl Əliyev diqqətə çatdırıb ki, İkinci Dünya Müharibəsi bitdikdən sonra bəşər sivilizasiyası müharibəyə qədər mövcud olmuş sivilizasiyadan kəskin dərəcədə fərqlənib. O, nüvə silahının yaradılmasını bu dəyişikliyin çoxsaylı səbəblərindən biri kimi qiymətləndirib: “Xirosima və Naqasakiyə atılan atom bombaları, Çernobıl və Fukusima AES-lərində baş verən fəlakətlər insanları həmişə narahat edir. Müasir insanlar yaxşı başa düşürlər ki, dünya bir neçə dəqiqə ərzində məhv ola bilər, nüvə müharibəsinin başlanması dünyanın sonunu gətirə bilər. Hazırda dünyada mövcud olan doqquz nüvə ölkəsində Rusiyada 6850, ABŞ-da 6450, Fransada 300, Çində 280, Böyük Britaniyada 225, Pakistanda 150, Hindistanda 140, İsraildə 80, Şimali Koreyada 20 olmaqla, ümumilikdə 14 495 nüvə başlığı var. Bu arsenal eyni vaxtda istifadə olunarsa, 100 min və daha çox əhalisi olan 4500 şəhərin hamısını asanlıqla məhv etmək olar. İkinci Dünya Müharibəsindən bu günə kimi dünyada 2 mindən çox nüvə silahı sınaqdan keçirilib”.
Nüvə (atom) enerjisindən həm də elektrikləşdirmə məqsədi ilə istifadə olunduğunu deyən İsmayıl Əliyev dünyada ilk AES-in 1954-cü ildə keçmiş SSRİ-də (Obninsk şəhəri) işə salındığını, hazırda dünyanın 31 ölkəsində 439 nüvə elektrik reaktorunun olduğunu bildirib. Radioaktiv tullantılar yaxşı idarə olunduğu halda atom enerjisi kifayət qədər təmiz enerji mənbəyi sayılır. Bu enerji növündən istifadə atmosferdə çirkləndirici qazların həcminin azalmasına və qlobal istiləşmənin artmamasına kömək edir.
Sonda İsmayıl Əliyev tələbələrin çoxsaylı suallarını cavablandırıb.