BDU alimi xroniki obstruktiv ağciyər xəstəliyinin kəskinləşməsinə ağır metalların təsirini öyrənib
Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilovun həmmüəllif olduğu “Xroniki obstruktiv ağciyər xəstəliyinin (XOAX) kəskinləşməsinə ağır metalların və mikroelement səviyyəsinin təsirinin öyrənilməsi” (“Investigation of heavy metal exposure and trace element levels in acute exacerbatıon of COPD”) adlı elmi iş “Web of Science” elmmetrik bazasına daxil olan (IF: 3.829) “Journal of King Saud University – Science” jurnalında çap olunub.
https://doi.org/10.1016/j.jksus.2022.102422
Tədqiqatın əsas məqsədi xroniki obstruktiv ağciyər xəstəliyi zamanı orqanizmdə ağır metalların və mikroelementlərin səviyyəsinin qiymətləndirilməsi və onların miqdarının XOAX-ın kəskinləşməsinə təsirinin öyrənilməsidir. Qeyd olunan tədqiqat işində 100 sağlam könüllü və XOAX-ın kəskinləşməsi dövründə olan 114 xəstə iştirak edib.
Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, XOAX-ın kəskinləşməsi dövründə qanda ağır metalların miqdarı artır, bu da öz növbəsində xəstəliyin daha da sərtləşməsinə və ölümlə nəticələnməsinə səbəb olur. Bunu nəzərə alaraq, qanda ağır metalların miqdarı xroniki obstruktiv ağciyər xəstəliyinin qiymətləndirilməsində diaqnostik üsul kimi istifadə oluna bilər.