BDU 2022-ci ildə də Azərbaycanda “Times Higher Education Subject Ranking” reytinq cədvəlinə düşən yeganə universitetdir
Ölkəmizdə elmin və təhsilin inkişaf etdirilməsində, əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasında aparıcı ali təhsil müəssisələrindən olan və artıq təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilmiş 103 yaşlı Bakı Dövlət Universiteti (BDU) beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması istiqamətində mütəmadi addımlar atır.
Son illər BDU-da aparılan islahatlar, elmə, təhsilə, beynəlmiləlləşməyə və tələbələrin sosial həyatına ayrılan xüsusi diqqətin nəticəsi olaraq 2022-ci ildə Bakı Dövlət Universiteti dünya universitetlərinin nüfuzlu ““The Times Higher Education” (by Subject Ranking)” reytinq cədvəlində Fiziki elmlər ( Fizika, Kimya, Geologiya, Astronomiya, Riyaziyyat və s.) və Mühəndislik elmləri (Kimya mühəndisliyi, Geologiya mühəndisliyi, Hidrogeologiya mühəndisliyi, Geofizika mühəndisliyi və s.) üzrə 1001+ mövqelərini tutub. Bununla da BDU 2022-ci il üzrə də Azərbaycandan nüfuzlu reytinq cədvəlində yer alan yeganə universitet oldu.