Baş Prokurorluq, ETSN və BDU ətraf mühitin mühafizəsi üçün ECOLEAD platforması yaradıb
Azərbaycan Respublikasının Baş Prokurorluğu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Dövlət Universiteti (BDU) ətraf mühitin mühafizəsi üçün ECOLEAD platforması yaradıb. Bununla bağlı anlaşma memorandumu Xankəndi şəhərində Baş Prokurorluğun təşkilatçılığı ilə "Ətraf mühitin gücləndirilməsində maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu” mövzusunda elmi-praktik konfrans çərçivəsində imzalanıb.
Konfransda çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, ekoloji qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması və dəymiş ziyanın ödənilməsi ilə yanaşı, maarifləndirici, qabaqlayıcı və bərpaedici effekt daşıyan tədbirlərin də görülməsi zəruridir. ECOLEAD platformasının yaradılmasında məqsəd maarifləndirmə və hüquq-mühafizə tədbirləri yolu ilə ətraf mühitin gücləndirilməsi, ətraf mühitin mühafizəsi sahəsində mütəxəssislərin əlaqələndirilməsi, bu sahələrdə mövcud təcrübəni bölüşməklə çoxtərəfli münasibətlərin səmərəli təşkili və inkişafının təşviqi, ətraf mühitin əleyhinə qeyri-qanuni əməllərin araşdırılması, pozuntuların qarşısının alınması, toplanmış bilik və məlumatların paylaşılması, əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir: “Biz bu layihəni Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Dövlət Universiteti və bu sahədə fəal olan qeyri-hökumət təşkilatları ilə həyata keçiririk”.
BDU rektoru Elçin Babayev isə qeyd edib ki, ECOLEAD platformasının yaradılması ilə bağlı anlaşma memorandumunun imzalanması ekoloji cinayətlərə qarşı mübarizə və təbii irsimizin qorunması sahəsində səylərin birləşdirilməsi baxımından vacib addımdır: “Bakı Dövlət Universiteti bu problemlərin həllində apardığı elmi tədqiqatları ilə yaxından iştirak edir. Universitetdə ekoloji çirklənmənin mənbələrini və təsirlərini müəyyən etməklə yanaşı, onun azaldılması və bərpası üçün effektiv tədqiqatlar aparılır. ECOLEAD platformasının mərkəzində ekoloji cinayətlərin araşdırılması, prokurorluq əməkdaşları, ekoloqlar, BDU-nun elmi-pedaqoji heyəti və qeyri-hökumət təşkilatlarının birgə səyləri ilə pozuntuların qarşısının alınması kimi mühüm missiya dayanır. Platformanın əsas komponentləri - "ECOLAB", "Ekoklinik" və "Cərimə Parkı - Təbiətin qisası" ətraf mühit problemlərinin həllinə mühüm töhfə verəcək. ECOLEAD platforması xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında münaqişədən sonrakı ekoloji problemlərin həllində peşəkarların birgə işləməsi üçün əməkdaşlıq məkanı kimi xidmət edəcək. BDU olaraq ECOLEAD platformasının nizamnaməsinin hazırlanmasında, layihə çərçivəsində qeyd olunan sahələrdə qarşılıqlı multidissiplinar heyət modellərinin formalaşdırılmasında yaxından iştirak edəcəyik. BDU-da ECOLEAD Klinikasının yaradılması tapşırıqların səmərəli icrası, ekoloji problemlərin vaxtında həlli üçün vacibdir. Klinika ekoloji pozuntuların aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı tapşırıqların operativ icrasını təmin edəcək”.
Qeyd edək ki, anlaşma memorandumunu Baş prokurorun müavini Heydər Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev imzalayıblar.