Anadolu universitetinin professoru tələbə-jurnalistlərə ustad dərsi keçib
Türkiyənin Anadolu Universitetinin Mətbuat və yayım bölümünün professoru Ömər Özər Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələrinə ustad dərsi keçib. Tədbirdə professorun “Mediada şiddət xəbərlərinin işıqlandırılması” mövzusunda mühazirəsi dinlənilib.
Professor tələbələrə şiddətlə bağlı xəbərlərin kütləvi informasiya vasitələrində yayılmasının fəsadları barədə ətraflı məlumat verib, problemin etik tərəflərinin aktual olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, intihar xəbərlərinin, ailədaxili zorakılıq hallarının ictimailəşdirilməsi, həmçinin qadına şiddətlə bağlı informasiyaların geniş auditoriyalara ötürülməsi belə neqativ nümunələrin cəmiyyətdə yayılmasına və adiləşməsinə səbəb ola bilər.
Türkiyə mediasından praktik örnəklər gətirən professor bu halların qarşısının alınması üçün gənc jurnalistlərə etik kodekslərə ciddi əməl etməyi və məsələyə həssas yanaşmağı tövsiyə edib.
Sonda professor tələbələri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, professor Ömər Özər mədəniyyətlərarası kommunikasiya, kommunikasiya nəzəriyyələri və xəbər sosiologiyası, televiziya jurnalistikası üzrə bir çox elmi tədqiqatların müəllifidir.