639 balla Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasını seçən BDU tələbəsi: “Hədsiz təsirlər var idi...”
Budəfəki müsahibimiz Aytac Bəxtiyarlıdır. O, ali məktəbə qəbul imtahanından 639 bal toplayıb. Aytac Bakı Dövlət Universitetində (BDU) Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil alacaq.
- İlk növbədə özünüz haqqında məlumat verə bilərsinizmi?
- Mən Aytac Bəxtiyarlı. 06 iyun 2006-cı ildə Daşkəsən rayonunda anadan olmuşam. Daha sonra Bakıya köçərək, burada yaşamağa başlamışıq. Bu il 178 nömrəli tam orta məktəbi bitirərək, məzun adını qazanmışam. Ali təhsil müəssisələrinə qəbul üzrə lll ixtisas qrupuna hazırlaşırdım. Təhsilimi Bakı Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə davam etdirəcəm.
- Ali məktəbə hazırlıq dönəminiz necə keçib?
- Ümumiyyətlə, hazırlıq dönəmim 5-ci sinifdən başlayır. Bu zamandan etibarən hazırlıqlara getmişəm, çünki valideynlərim, müəllimlərim və özüm yaxşı təhsilin uğurunu birinci olaraq yaxşı təməldə görürdük. Məktəbdə də yüksək göstəricilərim olub. III ixtisas qrupunu seçməyimə rəğmən bütün fənlərə eyni cür yanaşmışam.
- Bəs heç oxumaqdan usandığınız olub ?
- 10-11-ci siniflərdə hazırlıq dönəmim çox yorğun keçirdi. Yuxusuz gecələr, əziyyət, çətinliklər oldu, ancaq bunun çox gözəl nəticəsi olacağını bilirdim, buna görə inamla, durmadan çalışırdım.
- Məlumdur ki, 639 bal yüksək nəticədir. Dərs oxumaq, yaxşı nəticə göstərmək üçün özünüzü necə motivasiya etdiniz?
- Zirvəyə çatmaq istəyən həmin yolun əzab-əziyyətinə, çətinliyinə, yorğunluğuna da qatlaşmalıdır. Bunu o yuxusuz gecələrdə özümə şüar edərək, yadıma salır, özümü motivasiya edirdim. Həm də yaxşı nəticənin sirri inamdır. İnamlı olmaq uğurun yarısıdır. Özümə inandım ki , 600-dən çox balı mən də toplaya bilərəm. İnamım da məni motivasiya etdi.
- Bir çoxları elə düşünür ki, yüksək bal toplayan abituriyentlər yalnız dərs oxuyur. Bəs sizdə necə idi? Öz şəxsi həyatınıza vaxtınız qalırdımı?
- Məncə, insan eyni fəalliyyətlə dayanmadan məşğul ola bilməz. İnsan beyninin bəzən dincəlməyə də ehtiyacı var. Mən dərslə məşğul olduğum saatlar qədər olmasa da, özümə də vaxt ayırmaq istəyirdim və belə olmalı olduğunu düşünürəm.
- 639 bal ilə III qrupda istədiyiniz ixtisası yaza bilərdiniz. Niyə məhz müəllimlik?
- İlk növbədə valideynlərimə, müəllimlərimə, indiyə kimi mənə dəstək verən hər kəsə təşəkkür edirəm. Balımın tam dəqiqləşdiyi andan ixtisas seçiminə qədər qıraqdan hədsiz təsirlər var idi. Bu təsirlər ondan ibarət idi ki, ətrafımda olan insanların çoxu bu qədər balla bu ixtisası seçmək istəməyimi məntiqsiz qəbul edirdilər. Ancaq bu yanaşmaların hamısı mənə yad idi. Fikrimcə, 639,5 balla 600 ballıq sevmədiyim ixtisası seçib, gələcəkdə işləyə bilməməkdənsə, 510 ballıq ixtisası sevərək seçmək, gələcəkdə sevərək fəaliyyətimə davam edə bilmək daha məntiqlidir. Yüksək balın önəmi ondan ibarətdir ki, sevdiyin ixtisasa düşmə faizini zəmanət altına alır. İndi niyə görə məhz müəllimlik, onu deyim. Gördüyümüz bütün peşələrin əvvəlində müəllimlik durur. Müəllimlər olmasa, o peşələr də olmazdı. Dövlətimizin daha da inkişaf etməsində müəllimlərin rolu əvəzsizdir. Güclü dövlət üçün savadlı müəllimlər lazımdır. Bu sahəyə sevgim uşaqlıqdan yaranıb. Nəslimizdə də müəllimlik sənətinə dəyər verənlər çoxdur.
- Son olaraq, həmyaşıdlarınıza tövsiyələriniz nələrdir?
- Sevəcəkləri sənəti seçsinlər. Təbii ki, pis sənət yoxdur, insanın sevib-sevmədiyi, gələcəkdə işləyə bilib, işləyə bilməyəcəyi sənət var. Bu da insana görə dəyişir. Abituriyentlər çox çalışmalı, yuxusuz gecələri, əziyyətləri, çətinlikləri nəzərə almalı, inanmalı və seçimlərini düz etməlidirlər. Təhsilli gənclər dövlətimizin gələcəyidir. Hər kəsə uğurlar arzu edir, mənim kimi tələbə adını qazanan hər kəsi təbrik edir, qazanmayanlara da demək istəyirəm ki, həyatın sonu deyil. Həyatda təhsildən başqa xoşbəxt olmaq üçün səbəb çoxdur.