Yeni ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın Təbiət ixtisasları üzrə İşçi qrupunun BDU-da iclası keçirilib
Yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın Təbiət ixtisasları üzrə İşçi qrupunun Bakı Dövlət Universitetində (BDU) iclası keçirilib.
BDU-nun rektoru Elçin Babayev və Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyevin həmsədrliyi ilə keçirilən iclasda İşçi qrupun üzvləri iştirak ediblər.
BDU-nun rektoru Elçin Babayev bildirib ki, hazırda ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində islahatlar aparılır. Azərbaycan Respublikasının elm və təhsil nazirinin müvafiq əmri ilə müasir tələblərə və əmək bazarının ehtiyaclarına cavab verən kompetensiya əsaslı və tələbəyönümlü yeni təhsil proqramlarının layihələrinin hazırlanması məqsədi ilə Komissiya yaradılıb.
Təbiət ixtisasları qrupunun hər bir ixtisası üzrə alt işçi qrupların tərkibinə ölkənin müxtəlif ali təhsil müəssisələri, Elm və Təhsil Nazirliyinin elmi-tədqiqat institutları, eləcə də dövlət və özəl müəssisələrdə çalışan mütəxəssislər daxil edilib və müvafiq ixtisas üzrə üzvlərdən bir nəfər seçilərək, alt işçi qrupa sədr təyin olunub. Hazırda alt işçi qruplar tərəfindən əmək bazarının tələbləri, dünyanın tanınmış univesitetlərinin bu sahədə təcrübəsi əsasında ixtisaslaşmaların yeni siyahısı tərtib olunur.
İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, texnika elmləri doktoru, professor, akademik Rasim Əliquliyev bu gün dünyada gedən qlobal transformasiyaların fonunda Azərbaycanda kadr potensialının artırılması və yeniliklərin tətbiqinə zərurət yarandığını deyib. Qeyd edib ki, rəqəmsal texnologiyaların müxtəlif sahələrə nüfuz etməsi məsələlərə münasibətlərin dəyişməsinə gətirib çıxarıb. Təbiət ixtisasları qrupu üzrə İşçi qrupun iclasının BDU-da keçirilməsi də təsadüfi deyil. BDU təbiət elmlərinin əsasının qoyulduğu ali təhsil müəssisəsidir. Qarşıda duran vəzifə təbiət elmləri üzrə ixtisaslara yenidən baxılması və günümüzə uyğunlaşdırılmasıdır: “Biz həm də inkişaf etmiş ölkələr və onların aparıcı universitetlərinin təcrübələrindən istifadə etməli və müqayisələr apararaq, ortaq nöqtəni tapmalıyıq. İnanıram ki, İşçi qrup və onun təşkil etdiyi alt qruplar bu işi uğurla icra edəcəklər”.
Qeyd edək ki, elm və təhsil nazirinin 2025-ci il 24 fevral tarixli 3-29/3-2-83F/2025 nömrəli əmri ilə təhsil proqramlarının layihələrinin hazırlanması məqsədi ilə yaradılan Komissiyanın tərkibində Təhsil ixtisasları qrupu, Humanitar və sosial ixtisaslar qrupu, Mədəniyyət ixtisasları qrupu, İqtisadiyyat və idarəetmə ixtisasları qrupu, Təbiət ixtisasları qrupu, Texniki və texnoloji və Xüsusi təyinatlı ixtisaslar qrupları, Kənd təsərrüfatı ixtisasları qrupu, İdman və xidmət ixtisasları qrupu, Əsas (baza ali) tibb təhsili səviyyəsi və səhiyyə ixtisasları qrupu olmaqla 9 İşçi qrup yaradılıb.
İclas müzakirə formatında davam etdirilib.