BDU-nun Biologiya fakültəsinin IV kurs tələbələri istehsalat təcrübəsində
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin “Biologiya”, “Biotexnologiya”, ”Su bioehtiyatları və akvabitkilər”, “Bitki mühafizəsi” ixtisasları üzrə təhsil alan IV kurs tələbələrinin istehsalat təcrübələri davam edir. Tələbələr Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin laboratoriyası, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu, Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu, Molekulyar biologiya və biotexnologiyalar İnstitutu, Zoologiya İnstitutunda və digər istehsalat müəssisələrində təcrübə keçirlər.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzində tələbələrə dənli və paxlalı bitkilərdə azot, protein, fosfor təyini, meyvə - tərəvəz bitkilərində şəkər, turşuluq, quru maddə təyini, kənd təsərrüfatı əhəmiyyətli bitki toxumlarının bütün keyfiyyət göstəriciləri, torpaqda makro və mikro element, kirəc, pH təyini kimi sınaqların aparılma metodikası əyani nümayiş etdirilib. Tələbələr sınaqları yerinə yetirib, nəticələrin emalı qaydaları ilə tanış olublar.
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda laboratoriya avadanlıqlarının işləmə prinsipi barədə tələbələrə məlumat verilib, bitkilərin becərilmə texnologiyaları, sahələrin sxemləndirilməsi, gübrə analizi aparılması qaydaları, torpaqda fosforun təyini metodikası əyani izah edilib.
Tələbələr Zoologiya İnstitutunun Protozoologiya, Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları, Hidrobiologiya və quru onurğalıları laboratoriyalarında iş prinsipi ilə tanış olub. Onlara onurğasız və onurğalı heyvanların tədqiqinə aid müasir metodlar öyrədilib.
Botanika İnstitutunda yabanı bitkilərin rayonlar üzrə yayılması, geobotaniki rayonlaşma, bitkilik tipləri, formasiya və assosiasiyalar barədə tələbələrə məlumat verilib, herbarilərin hazırlanması və saxlanılması qaydaları öyrədilib.