BDU-da orqan donorluğu və transplantasiyasının hüquqi və etik tərəfləri araşdırılır
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının və "BDU könüllüləri" təşkilatının birgə təşkilatçılığı ilə "Orqan donorluğu və transplantasiyası: hüquqi və etik yanaşmalar" adlı elmi-praktiki seminar keçirilib.
Hibrid formada təşkil olunan seminarda BDU-nun və digər ali təhsil ocaqlarının Hüquq fakültələrinin tələbələri, “Tibb hüququ” ixtisaslaşması üzrə təhsil alan magistrantlar, digər fakültələrin tələbələri, vəkillər, ixtisaslaşmış hüquqşünaslar və kafedranın müəllimləri iştirak ediblər.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Azərbaycanda orqan donorluğu və transplansiyasının tarixi barədə məlumat verib, son illərdə bu sahədə dövlət tərəfindən həyata keçirilən işləri diqqətə çatdırıb.
Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının müdiri, dosent Əsmər Əliyeva kafedranın “BDU könüllüləri” ilə birgə təşkil etdiyi təlimlər, seminarlar, sosial platformalarda yaradılan qruplar, müsabiqələr barədə iştirakçıları məlumatlandırıb, bu layihə və tədbirlərin hüquq elminin və tədrisinin inkişafına yönəldiyini vurğulayıb.
Sonra səhiyyə sahəsində ixtisaslaşmış hüquqşünaslar Ruslan Vəliyev və Nərmin Adıgözəlzadə təqdimatlarla çıxış ediblər. Seminar çərçivəsində orqan donorluğu və transplantasiyasının hüquqi tənzimlənməsi, etik mülahizələr, məsələnin tibbi əsasları, transplantasiya sahəsində cinayət məsuliyyəti kimi mövzular geniş müzakirə olunub. Həmçinin, orqan bağışlanmasının könüllülük prinsipinə əsaslanması, donor və resipiyentlərin hüquqlarının qorunması, transplantasiya zamanı etik prinsiplərin gözlənilməsi, eyni zamanda Azərbaycan qanunvericiliyində bu sahəni tənzimləyən normalar diqqətə çatdırılıb, beynəlxalq təcrübədən nümunələr gətirilib.
Seminarda Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova çıxış edərək, donor olmağın əhəmiyyətindən danışıb, bu sahədə ictimai şüurun artırılmasının önəmini vurğulayıb.
Tədbirin sonunda Hüquq fakültəsinin "BDU könüllüləri" təşkilatı ilə birgə təşkil etdiyi və ötən ildən başlayaraq bu günədək davam edən silsilə tədbirlərdə aktiv iştirak etmiş tələbələr sertifikatlarla təltif olunublar.