BDU və Pakistanın COMSATS Universiteti arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində COMSATS Universitetinin rektoru Sacid Qamar ilə görüş keçirib. Görüş zamanı iki ali təhsil müəssisəsi arasında elmi və akademik əməkdaşlığın gücləndirilməsi, ortaq tədqiqatların aparılması və innovasiya layihələrinin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
COMSATS Universiteti Pakistanın qabaqcıl elmi-tədqiqat və texnologiya yönümlü ali təhsil müəssisələrindən biridir. Universitet əsasən informasiya texnologiyaları, mühəndislik, biomühəndislik və təbiət elmləri sahələrində ixtisaslaşıb. Bu baxımdan BDU ilə əməkdaşlıq çərçivəsində süni intellekt, kibertəhlükəsizlik, data analitikası və nano-texnologiyalar sahələrində birgə elmi layihələrin həyata keçirilməsi planlaşdırılır.
Tərəflər arasında imzalanmış əməkdaşlıq haqqında niyyət protokolu genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində təhsilalanların və professor-müəllim heyətinin qarşılıqlı mübadiləsi, ikili diplom proqramlarının təşkili, birgə doktorantura proqramlarının yaradılması və elmi nəşrlərin hazırlanması məsələləri də əhatə olunub.
Bundan əlavə, memorandum çərçivəsində iki universitet arasında birgə elmi konfransların və seminarların təşkili, elmi jurnallarda məqalələrin dərc edilməsi və müştərək layihələrin reallaşdırılması planlaşdırılır.
Rektor Elçin Babayev görüş zamanı BDU-nun beynəlxalq akademik mühitdə fəal iştirak etdiyini vurğulayaraq, COMSATS Universiteti ilə əməkdaşlığın hər iki universitetin elmi potensialının inkişafına əhəmiyyətli töhfə verəcəyini qeyd edib. O, xüsusilə elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, elmi mərkəzlərin inkişaf etdirilməsi və tələbələr üçün daha geniş imkanların yaradılması istiqamətində əməkdaşlığın vacibliyini vurğulayıb.
Görüşün sonunda hər iki universitetin nümayəndələri gələcəkdə əməkdaşlıq istiqamətlərinin daha da genişləndirilməsi üçün mütəmadi olaraq əlaqələrin saxlanılmasının və konkret layihələr üzərində işlənilməsinin vacibliyini bildiriblər.