BDU-da Azərbaycanda aqrar elmlərin inkişafı tarixi və müasir problemləri müzakirə edilib
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində 27 mart - Azərbaycan Respublikasinda “Elm günü”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində elmi seminar keçirilib. Elmi seminarda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin elmi katibi, iqtisad elmləri doktoru Akif Vəliyev “Azərbaycanda aqrar elmlərin inkişafı tarixi və müasir problemlər” mövzusunda məruzə ilə çıxış edib.
Fakültə dekanı Akif Ağbabalı “Torpaqşünaslıq və aqrokimya”, “Yerquruluşu və daşınmaz əmlakın kadastrı” ixtisasları üzrə təhsil alan tələbələrlə bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini xüsusilə vurğulayıb.
Akif Vəliyev Azərbaycanda aqrar elmlərin inkişafı tarixi, bu sahədə müasir tədqiqatların istiqamətləri, qazanılan elmi-nəzəri nəticələrin təsərrüfat əhəmiyyəti, sahəvi elmi-tədqiqat institutlarının müasir inkişaf istiqamətləri, qarşıda duran məsələlərin həlli ilə bağlı respublikamızda həyata keçirilən elmi və hüquqi tədbirlər barədə məlumat verib.
Məruzəçi həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının aqro-iqtisadi və təbii ehtiyatlarının istifadəsi ilə bağlı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası məqsədi ilə qarşıya qoyulan məsələlərin həllinə diqqət çəkib. Zəngin təbii və ekoloji sistemi, aqrar və torpaq ehtiyatlarını əhatə edən bu bölgələrdə ərazi məskunlaşması, torpaq ehtiyatlarının səmərəli istifadə olunması, aqrar-sənaye komplekslərinin formalaşması, sənaye və aqrar parklarının, müxtəlif istiqamətli sıx infrastruktur-nəqliyyat qovşağının yaradılmasından danışıb. “Ağıllı şəhər”, “Ağıllı kənd”, “Ağıllı kənd təsərrüfatı”,”Ağıllı ekosistem”, “Ağıllı nəqliyyat sistemi” layihələrinin işlənilməsi istiqamətində qarşıda duran mühüm vəzifələrin elmi-nəzəri təhlilini aparıb.
Sonda tələbələrin sualları cavablandırılıb.