BDU-da Seyid Əzim Şirvaninin 190 illik yubileyi münasibətilə ədəbi-bədii tədbir
Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının və Azərbaycan Milli İnkişafı Naminə (AMİN) İctimai Birliyinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr edilmiş "Seyyidi-ecazdəm" (“Möcüzə nəfəsli Seyyid”) adlı ədəbi-bədii tədbir keçirilib.
Elmi Kitabxananın direktoru Nigar İsmayılova kitabxanada dahi şairlərin silsilə yubiley tədbirlərinin keçirilməsinin sevindirici və faydalı olduğunu qeyd edib, bunun Seyid Əzim Şirvaninin 190 illik yubileyinə ilk töhfə olduğunu nəzərə çatdırıb.
AMİN İctimai Birliyinin sədri, Elmi Kitabxananın baş biblioqrafı, şair, tədqiqatçı Məcid Heydərli (Seyyid Əsri) Məhəmməd Füzulinin Seyid Əzim yaradıcılığına təsiri barədə çıxış edib. Şairin təxəllüsünün onun şerlərinin vəznindən çıxış edərək məhz "Seyyid" şəklində olduğunu xatırladan Məcid Heydərli klassik divanların tədqiqində ilkin mənbədən istifadənin, əski əlifba və bəlağət bilgisinin vacibliyini önə çəkib.
BDU-nun Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov belə tədbirlərin müasir gəncliyi klassik irs ilə bağlayan bir körpü olduğunu vurğulayıb, İctimai Birliyin Elmi Kitabxana ilə əməkdaşlığına uğurlar arzulayıb. Lənkəran Dövlət Universitetinin magistrantı, İctimai Birliyin nəzdində “Vəfa” ədəbi məclisinin sədri, şair, filoloq Məhəmməd Nuri dahi şairin Qövsi, Nişat, Nabi, Zakir və digər böyük söz ustadlarına yazdığı nəzirələrinin ədəbi məziyyətlərindən söz açıb. O, Seyid Əzim Şirvaninin farsca divanını tərcümə etdiyini və onun tezliklə işıq üzü görəcəyini bildirib.
Filologiya fakültəsininin tələbəsi, şair Selcan Təvvabi "Seyid Əzim Şirvaninin "Həzrət İbrahim əhvalatı" məsnəvisi - multikultral və tolerant dəyərlərin ədəbi təbliğ örnəyi" adlı məruzə edib. Fakültənin digər tələbəsi, şair Məcid Dövri, Elmi Kitabxananın əməkdaşı Hicran Fərhadova, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu, tədqiqatçı, şair İmran Beyti çıxışlarında Seyid Əzim Şirvaninin böyük maarifçi kimi milli fikir tarixində silinməz iz buraxdığını qeyd ediblər.
Tədbirin bədii hissəsində Şərqşünaslıq fakültəsinin tələbəsi, gənc şair Elmar Şahid şairin qəzəlinə yazdığı təzmin-nəzirəni səsləndirib. Filologiya fakültəsinin tələbələri - aparıcı Aydan Aslanlı və Səyahət Məhərrəmova tərəfindən Seyid Əzimin yaradıcılığından qəzəllər ifa olunub.
Tədbirin sonunda şairin əsərlərindən ibarət kitab sərgisinə baxış keçirilib.