BDU-da dəyirmi masa: “Elmi innovasiya və biotexnologiyalar: ekoloji tarazlığın davamlı təminatında yeni perspektivlər”
Bakı Dövlət Universitetində (BDU) Biologiya fakültəsinin təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü” ilə bağlı silsilə tədbirlər çərçivəsində “Elmi innovasiya və biotexnologiyalar: ekoloji tarazlığın davamlı təminatında yeni perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.
Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədova ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsinin ümumbəşəri problemə çevrildiyini bildirib. Elmi innovasiyaların və biotexnologiyaların ekoloji tarazlığın qorunmasında və davamlı inkişafda oynadığı roldan bəhs edib.
Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova biotexnologiyaların müasir ekosistemlərə təsiri və bu sahədə yeni tədqiqat istiqamətləri barədə danışıb. Nazirliyin Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov ekoloji tarazlığın qorunmasında mikrobiologiyanın rolu barədə geniş məlumat verib. Radiasiya Problemləri İnstitutunun Radiobiologiya laboratoriyasının müdiri, professor Elmixan Cəfərov radioaktiv çirklənmənin biomüxtəlifliyə təsiri və bu sahədə innovativ həll yolları ilə bağlı fikir mübadiləsi aparıb. İnstitutun baş elmi işçisi, professor Nəriman İsmayılov biotexnoloji innovasiyaların sənaye və kənd təsərrüfatında tətbiqinə dair son yenilikləri təqdim edib.
Dəyirmi masada gələcək əməkdaşlıq imkanları müzakirə edilib, iştirakçıların sualları cavablandırılıb.
Tədbirin sonunda iştirakçılar elmi innovasiyaların ekoloji problemlərin həllində oynadığı mühüm rolu vurğulayaraq, bu istiqamətdə daha geniş tədqiqatların aparılmasının vacibliyini qeyd ediblər.