BDU-da “Azərbaycanda regional iqlim dəyişmələrinin çayların su ehtiyatına təsiri” mövzusunda təqdimat
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində 27 mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş silsilə tədbirlər çərçivəsində akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Rza Mahmudovun “Azərbaycanda regional iqlim dəyişmələrinin çayların su ehtiyatlarına təsiri” mövzusunda təqdimatı olub.
Tədbiri açıq elan edən Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə hər il martın 27-sinin Azərbaycanda “Elm günü” kimi qeyd edilməsinin olduqca əhəmiyyətli bir hadisə olduğunu və ölkəmizdə elmin inkişafına böyük təkan verdiyini vurğulayıb. O bildirib ki, Azərbaycanda iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizə dövlət siyasətinin əsas prioritetlərindəndir. Ötən ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ölkəmizin bu sahədə qlobal mövqeyə sahib olmasını təsdiqləyir.
Professor Rza Mahmudov təqdimatında müasir iqlim dəyişmələrinin okeanların və dənizlərin səviyyə tərəddüdlərinə, səhralaşma proseslərinə, meşələrin azalmasına və nəticədə insanın həyat tərzinə güclü təsir göstərdiyini deyib. O bildirib ki, qlobal miqyasda 1970-ci ildən indiki dövrədək havanın hərarəti 1,10 C artıb. Azərbaycanda isə bu göstərici 1,30 C təşkil edir. Ən isti dövr 2016-2024-cü illərdə müşahidə olunub.
Daha sonra məruzəçi Azərbaycanın regionları üzrə temperatur dəyişməsinin təhlilini təqdim edib. Diqqətə çatdırıb ki, regionlar üzrə ən çox temperatur Qobustan-Abşeron zonasında artıb. Əks proses kimi ölkə ərazisində yağıntıların miqdarının azalması müşahidə edilir.
Məruzədən sonra müəllim və tələbələrin sualları cavablandırılıb.