Xocalı soyqırımından 32 il ötür
Azərbaycan xalqına, insanlığa və bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımından 32 il ötür.
Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törədiblər. XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı bu təcavüzkar siyasətin ən qanlı səhifəsidir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının dəstəyi ilə aylarla mühasirədə saxlanılan Xocalı şəhərinə hücuma keçərək onu yerlə-yeksan ediblər. Bu soyqırımı zamanı etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfərə ağır bədən xəsarətləri yetirilib. Eyni zamanda, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Xain hücum nəticəsində 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Xocalı qətliamı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımlar atılır.
Bu istiqamətdə məqsədyönlü fəaliyyətə Ümummilli Lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanılıb. Faciəyə ilk dəfə hüquqi-siyasi qiymət də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.
Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımla bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir.
Fondun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyasının səmərəsi isə ildən-ilə artır. Bu kampaniya çərçivəsində keçirilən tədbirlərdə məqsəd Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır.
Təsadüfi deyil ki, 2012-ci ilin yanvarında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının İndoneziyanın Palembanq şəhərində keçirilən VII sessiyasında 51 ölkənin parlament nümayəndələri Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanınması ilə bağlı müvafiq qətnamə qəbul edib.
“Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyası hazırda dünyanın onlarla ölkəsində uğurla həyata keçirilir və faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlib. Hazırda Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina və s. ölkələrin parlamentləri Xocalı faciəsini soyqırım və Azərbaycana qarşı cinayət aktı kimi tanıyıblar. Bundan əlavə, Xocalı soyqırımı ABŞ-ın onlarla ştatının qanunverici orqanı tərəfindən də tanınıb.
Prezident İlham Əliyev beynəlxalq səviyyədə keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini nəzərə alaraq, “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” 13 fevral 2014-cü il tarixli sərəncam imzalayıb.
Müzaffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində şanlı Qələbəmiz və 2023-cü ildə ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunması ilə bu günə qədər Azərbaycan xalqına qarşı törədilmiş bütün vəhşiliklərin, soyqırımlarının qisası alındı, şəhidlərimizin qanı yerdə qalmadı.
Xalq, dövlət olaraq qürurluyuq! Öz doğma yurdundan, dədə-baba torpaqlarından didərgin düşmüş xocalılılar 32 ildən sonra evlərinə qayıdırlar.
Yaşadığımız faciələri unutmuruq, unuda bilmərik! Çünki azad edilən ərazilərimizdə az qala hər gün aşkarlanan kütləvi məzarlıqlar bizi yaşadığımız faciələri unutmamağa, tariximizdən dərs almağa və gələcək nəsillərə çatdırmağa səsləyir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!