“Üzvi kimya ilə bağlı araşdırmalar aparmaq istəyirəm” - BDU-nun ən gənc tələbəsi
O, Bakı Dövlət Universitetinin (BDU) ən gənc tələbəsidir. BDU-nun Kimya fakültəsinin “Kimya müəllimliyi” ixtisası üzrə I kurs tələbəsi olan Gülsüm Əhmədova seçdiyi sahəni çox sevir. Gülsüm kimyanı gələcək nəsillərə sevdirmək, bu sahəyə təşviq etmək üçün yeni metodlar üzərində işlədiyini deyir:
Şirvan şəhəri 14 №-li tam orta məktəbi bitirmişəm. 5 yaşımda birinci sinfə getmişəm. Sinfimizdə də ən balaca mən idim. Buna baxmayaraq, dərslərimdə və sinif yoldaşlarımla münasibətdə çətinliyim olmayıb. VIII sinifdən IV qrup üzrə hazırlaşmağa başladım. Əvvəldən kimyaya marağım olduğu və müəllimlik peşəsini sevdiyim üçün bu ixtisası seçmişəm.
Gülsüm, kimyaya həvəsi kim oyadıb səndə?
Altı-yeddi yaşımdan kimyaya marağım olub. Dayım və nənəm kimyaçıdır. Hətta dərslərimi bəzən dayımla birgə məsləhətləşərək edirdik, mənim üçün çox maraqlı olurdu, kimyaya həvəsim daha da artırdı. VIII sinifdən kimya üzrə hazırlıq müəllimim isə bu sahə üzrə müəllim olmağım üçün stimul yaratdı. Məktəb vaxtı laboratoriyamız olmasa belə, kimya ilə bağlı keçirilən tədbirlərdə, evdə müxtəlif reaksiyalar aparır, maddələrin bir-biri ilə sadə sintezi zamanı baş verən halları müşahidə etməyi sevirdim. Bunun üçün dərslikdən əlavə, internetdə də araşdırma aparırdım.
Deyirlər, kimya çətin fəndir. Bəs sənin üçün necə? Gələcəkdə müəllim olduqda şagirdlərinə bu fənni sevdirmək üçün hansı metodlardan istifadə edəcəksən?
Müəllimim sadə və anlaşılan dildə izah etdiyi üçün heç vaxt kimyanı başa düşməkdə çətinlik çəkməmişəm. Buna bəlkə də həmin fənnə olan sevgim səbəb olurdu. Mən də müəllim olduqdan sonra kimyanı mürəkkəb ifadələrlə deyil, rahat və sadə şəkildə şagirdlərə izah edərək sevdirəcəm. Bu fənnin uşaqların yadında daha yaxşı qalması üçün maraqlı üsullarla yeniliklər etməyi də fikirləşirəm.
Kimyada diqqətini çəkən, araşdırmağı istədiyin mövzu varmı?
Uşaqlıqda yeni kimyəvi element yaratmaq istəyirdim. Mən də məşhur kimyaçılar kimi böyük kəşflər edib, kimya tarixində yer almaq istəyirdim. Kimyada ən çox araşdırma aparmaq istədiyim və maraqlandığım istiqamət üzvi kimyadır. Məktəb dövründən üzvi kimya marağımı cəlb edib. Zavodlarda üzvi kimyadan istifadə ilə aparılan reaksiyalarla yaxından tanış olub, öyrənmək istəyərəm. Universitetdə də bunu araşdırmaq arzusundayam, müəllim olanda da.
BDU-ya qəbul xəbərini eşitdikdə hansı hissləri keçirdin? Həm də sən hazırda ən gənc tələbəsən.
Cavabların çıxmasına az qalmış çox səbirsizlənirdim. Cavab çıxanda həyəcandan ağladım. BDU-ya qəbul olduğumu görəndə isə çox sevindim. Çünki BDU ölkəmizin ilk və ən nüfuzlu universitetidir. Ən gənc olduğumu elə sizdən öyrəndim. Mükəmməl ali təhsil almaq, peşəmdə uğur qazanmaq, valideynlərimi sevindirmək istəyirəm.
Hazırladı: Nurlan Cəbrayılzadə