Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüsalə Mahirqızı BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “APA Holding” MMC-nin prezidenti, Əməkdar jurnalist Vüsalə Mahirqızı Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin IV kurs tələbələri ilə görüşüb.
BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev ölkəmizin aparıcı media agentliklərinin rəhbərləri ilə keçirilən bu cür görüşlərin tələbələr üçün həm təcrübə, həm də yeni iş imkanları baxımından faydalı olduğunu deyib. Bildirib ki, yeni dövrün tələbləri ilə ayaqlaşmaq, uyğun metodologiyadan istifadə etmək gənc jurnalistlərin uğurlu olması üçün əsas məsələlərdəndir.
Vüsalə Mahirqızı öncə Azərbaycanda onlarla jurnalist üçün məktəb olmuş “APA Media Group”un başlatdığı yeni “APA Jurnalist Məktəbi” barəsində məlumat verib. Bildirib ki, 3 ay davam edəcək ilk təlimlərə qeydiyyat bu gündən etibarən başlayıb. Ödənişsiz əsaslarla həftədə 3 dəfə müəyyən olunmuş proqram üzrə təşkil ediləcək təlimlərin ilk qonaqları tanınmış jurnalistlər Qabil Abbasoğlu və İlqar Əlfi olacaq. Təlimlər çərçivəsində təlim iştirakçıları “APA Media Group”da təcrübə keçmək imkanı da əldə edəcəklər.
Vüsalə Mahirqızı sonra tələbələrə müasir dövrün tələblərinə cavab verən jurnalistə lazım olan əsas bacarıqlar və onun peşəkarcasına tətbiqi üsullarından söz açıb: “Hazırda jurnalistlərin əsas fəaliyyət məkanı virtual mühit olduğundan sosial media vasitələrini ələ ala bilmək şərtdir. “Media menecmenti”, “media redaktoru” və “media mütəxəssisi” tamam fərqli anlayışlardır. Bunların hər biri özlüyündə böyük bir media agentliyinin düzgün idarə edilməsində, tanınmasında, insanların güvənə biləcəyi bir ünvan olmasında rol oynayır. Əgər xəbər yazmaqdan danışırıqsa, bu, bir bacarıqdır, ancaq qeyd etdiyimiz digər bacarıqlar - idarəçilik və yenilikləri öyrənmək sonradan qazanılır. Bunun üçün jurnalistlərimizin ixtisaslaşmaları vacibdir. Xəbərlərlə işləmək hər zaman çətin olub. Bir xəbər agentliyi üçün deyilənləri doğru yazan komandanın olması, xəbər standartlarını qorumaq vacibdir. Bu müddəalar “APA Media Group” olaraq bizə həm yerli, həm də beynəlxalq müstəvidə inam qazandırıb. “APA Holding” MMC-nin tərkibinə daxil olan “Lent.az”, “Kulis.az”, “APA Sport” ilə biz vaxtilə spesifik saytların əsasını qoymuşuq”.
Görüş tələbələrin çoxsaylı sualları ilə diskussiya şəklində davam edib.