Humanizm və həmrəylik bayramı
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Qurban bayramı Azərbaycanda dövlət səviyyəsində bayram edilir.
Dini qurban kəsmə mərasimi İslamdan əvvəl də mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək və sair üçün edilib. Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsi) ikinci ilindən sonra qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yaranıb. Belə ki, dini qurban kəsmə İslam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələnib. Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb.
İnsanları humanizmə, mərhəmətə və vəhdətə dəvət edən Qurban bayramında müsəlmanlar Haqq yolunda, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, Ulu Yaradana yaxınlığın sevincini yaşayırlar.
Bəşər mədəniyyətinin möhtəşəm mərhələsini təşkil edən İslam sivilizasiyası xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynayıb, mütərəqqi İslam adət-ənənələri və mənəvi-əxlaqi dəyərləri Azərbaycanda hər zaman uca tutulub. İslam dünyasının tarixi-mədəni mərkəzlərindən biri kimi Azərbaycan dünya mədəniyyətinə və elmi-fəlsəfi fikrinin inkişafına misilsiz töhfələr bəxş edib.
Ölkəmizin rifahı, firavanlığı üçün edilən dualar, Allaha şükranlıq hissi ilə kəsilən qurbanlar cəmiyyətimizdə milli-mənəvi həmrəylik ruhunu daha da gücləndirir.
İnsanları humanizmə, mərhəmətə və vəhdətə dəvət edən Qurban bayramınız mübarək olsun! Uca Yaradan dua və niyyətlərinizi qəbul, xalqımıza, dövlətimizə daim sülh bəxş etsin!