Himayəçilər Şurasının iclasında yeni hədəflər müzakirə olunub
BDU-nun Himayəçilər Şurasının iclasında yeni hədəflər müzakirə olunub
2021-ci il 29 yanvar tarixində Bakı Dövlət Universitetinin (BDU) Himayəçilər Şurasının iclası keçirilib. Himayəçilər Şurasının sədri, Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin sədrliyi ilə keçən iclasda şuranın üzvləri - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, xalq yazıçısı Elçin Əfəndiyev, AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və BP-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli iştirak edib.
İclasda BDU-nun rektoru Elçin Babayev məruzə ilə çıxış edərək 2020-ci ildə BDU-nun fəaliyyəti, BDU-da təhsil, elm, innovasiyalar, sosial layihələr, beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlər haqqında məlumat verib. Rektor BDU-da COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, 2020-ci ildə tədris prosesinin təşkili, beynəlxalq ikili diplom proqramlarının fəaliyyətə başlaması, xarici mütəxəssislərin BDU-da tədris prosesinə cəlb olunması, yeni akademik mühitin yaradılması, elmi fəaliyyətin təkmilləşdirilməsi, əməkdaş və tələbələrin sosial rifahının qorunması istiqamətində görülmüş işlər haqqında məruzə edib.
Rektor BDU-da tələbə, magistrant və doktorantların bilik və bacarıqlarının artırılması üçün yaradılmış mühitin getdikcə təkmilləşdirilməsi, yeni təlim texnologiyalarının tədris prosesinə tətbiqi istiqamətində, eləcə də, kollektivin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görüldüyünü qeyd edərək, bunu ölkəmizdə aparılan sosial siyasətin, son illər elm və təhsil sahəsində həyata keçirilən çoxşaxəli siyasətin məntiqi nəticəsi olduğunu diqqətə çatdırıb.
İclasda pandemiya dövründə BDU-nun əməkdaş və tələbələrinin sağlamlığının qorunması istiqamətində uğurlu təcrübəsi, Vətən müharibəsi dövründə BDU-nun professor-müəllim və tələbə heyətinin informasiya cəbhəsində fəal mübarizə aparması, müxtəlif miqyaslı sosial layihələrdə BDU kollektivinin fəal iştirakı və s. haqqında geniş məlumat verilib.
Universitetin 5.0. inkişaf strategiyası, əsas hədəfləri, tədqiqat universiteti statusu almaq istiqamətində atılan addımlar, 2021-ci ildə perspektivdə duran məsələlər də iclasda müzakirə olunub. Himayəçilər Şurasının üzvləri BDU-nun gələcək fəaliyyətinə dair öz mülahizələrini bildirərək təkliflərlə çıxış ediblər.