BDU-da MEDİA və Məhkəmə Hüquq Şurasının birgə təşkilatçılığı ilə ustad dərsi
Bakı Dövlət Universiteti (BDU), Medianın İnkişafı Agentliyi, Məhkəmə Hüquq Şurasının birgə təşkilatçılığı ilə Jurnalistika fakültəsinin tələbələri üçün “Azərbaycan Respublikasının Konstitusiyası: dövlət və cəmiyyət üçün əhəmiyyəti” mövzusunda ustad dərsi keçirilib.
Medianın İnkişafı Agentliyinin Hüquq şöbəsinin müdiri Adil Tağıyev Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinə diqqət çəkərək, bu istiqamətdə medianın maarifləndirmə funksiyasının əhəmiyyətini vurğulayıb, konstitusion dəyərlərin təbliği, cəmiyyətin inkişafı və qanunçuluq prinsipinin möhkəmləndirilməsində onun xüsusi rolunu qeyd edib.
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev qeyd edib ki, çağdaş dövrdə milli maraqların müdafiəsi və informasiya təhlükəsizliyinin təmin olunması medianın üzərinə xüsusi vəzifələr qoyur.
Daha sonra mühazirə ilə çıxış edən Xətai rayon məhkəməsinin hakimi, dosent Samirə Eyvazova diqqətə çatdırıb ki, bu ilin “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu, ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə edərək, suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün bir fürsət kimi dəyərləndirilə bilər.
İnteraktiv formada keçən mühazirədə tələbələrin sualları cavablandırılıb, mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb.