Bu il THE qlobal reytinqinə Azərbaycan ali təhsil müəssisələrindən yalnız BDU daxil olub
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ali təhsil müəssisələrinin “Times Higher Education” qlobal reytinqində iştirakına dair məlumat yayıb.
Hər il dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin siyahısını müəyyən edən “Times Higher Education World University Rankings” (THE qlobal) beynəlxalq reytinq cədvəli dərc olunur.
27 sentyabr 2023-cü il tarixində elan olunan THE qlobal reytinqindən etibarən yeni metodologiyanın tətbiqinə başlanılıb. Müvafiq dəyişikliyə əsasən, ali təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi 5 istiqamət (tədris, tədqiqat mühiti, tədqiqatın keyfiyyəti, beynəlmiləlləşmə göstəriciləri və sənaye) üzrə həyata keçirilir.
Ali təhsil müəssisələri hansı meyarlara əsasən reytinqə daxil edilir?
Ali təhsil müəssisələrinin THE qlobal reytinqinə daxil olması üçün qrafikdə göstərilən 7 əsas meyar müəyyən olunub. Yalnız 4, 6 və 7-ci meyarlara uyğun olan, digər meyarlara cavab verməyən ali təhsil müəssisələri qlobal reytinqə daxil edilmir və “reporter” statusu əldə edir.
Bu il THE qlobal reytinqinə Azərbaycan ali təhsil müəssisələrindən yalnız Bakı Dövlət Universiteti daxil olub.
Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Naxçıvan Dövlət Universiteti, Xəzər Universiteti və Qərbi Kaspi Universiteti isə “reporter” qismində siyahıya daxil edilib.
Qeyd edək ki, növbəti THE 2025 qlobal reytinqinin nəticələri cari ilin oktyabr ayında elan ediləcək.