Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri BDU-da
Bakı Dövlət Universitetində (BDU) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüş keçirilib. Görüşdə Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva, qurumun Qara dəniz və Geniş Avropa ölkələrinin tədris üzrə direktoru Kristofer Holmes də iştirak edib.
Qonaqları salamlayan rektor Elçin Babayev bildirib ki, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi BDU-nun inkişaf strategiyasının 5 ən vacib elementindən biridir. Bu baxımdan BDU Birləşmiş Krallığın ali məktəbləri ilə əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Elçin Babayev qonaqlara ölkəmizdə elmin və təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələrdən bəhs edib, BDU-nun beynəlxalq əlaqələri, ikili diplom proqramları və Universitetdə aparılan tədris, elmi tədqiqat işləri haqqında məlumat verib. Rektor BDU-nun nəzdində Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin fəaliyyətindən bəhs edib, tələbə və akademik heyətin mübadiləsi, müxtəlif birgə layihələrin həyata keçirilməsi istiqamətində, həmçinin Birləşmiş Krallığın ali məktəbləri ilə təhsil və elm sahələrində əlaqələrin yaradılmasında, ikili və ya üçlü diplomların imzalanmasında maraqlı olduğunu qeyd edib.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auld göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib və Birləşmiş Krallığın universitetlərinin ölkəmizin ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Görüş zamanı BDU ilə Birləşmiş Krallığın universitetləri və Britaniya Şurası arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, elmi tədqiqat sahəsində mübadilə imkanları geniş müzakirə edilib.