BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarıının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib
Bakı Dövlət Universiteti (BDU) Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarıının Dünya Assosiasiyasına (World Association of Industrial and Technological Research Organizations - WAITRO) tamhüquqlu üzv seçilib.
Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarıının Dünya Assosiasiyası 1970-ci ildə Birləşmiş Millətlər Təşkilatının himayəsi altında yaradılmış müstəqil, qeyri-hökumət və qeyri-kommersiya təşkilatıdır. Assosiasiya beynəlxalq miqyasda tədqiqat və texnologiya təşkilatları, o cümlədən tədqiqat universitetləri də daxil olmaqla elm, texnologiya və innovasiya sahələrində maraqlı tərəfləri bir araya gətirir. Özünün hərtərəfli fəaliyyəti sayəsində üzv və tərəfdaş təşkilatlar arasında davamlı gələcək üçün qlobal problemlərin həlli istiqamətində irəli sürülən təklif, innovativ ideya və nailiyyətləri əlaqələndirir, qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq imkanlarını gücləndirir.
Hazırda dünyanın 75-dən çox ölkəsinin 170-dən artıq qurumu bu assosiasiyaya üzvdür. Yüz mindən çox tədqiqatçının cəmləşdiyi assosiasiyada 100-dən çox layihə həyata keçirilməkdədir. BDU Cənubi Qafqaz regionundan WAITRO-da yeganə üzvdür.
Tamhüquqlu üzvlük BDU-nun tədqiqatçılarına Assosiasiyanın bütün proqramlarında iştirak imkanı yaradacaq və bununla da Universitetin elmi tədqiqat potensialının yüksəlməsinə xidmət edəcək.