BDU rektoru Elçin Babayev "Yay Fest"də gənclərlə görüşüb
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev ölkənin ən böyük gənclər festivalı olan "Yay Fest"də tələbələrlə görüşüb və layihə çərçivəsində IDEA İctimai Birliyinin panel görüşündə gənclərlə maraqlı müzakirələr aparıb.
Rektor öz çıxışında Kainatın elmi mənzərəsinin formalaşmasında təbiət elmlərinin, o cümlədən fizika, astronomiya, kimya, biologiya, ekologiya və s. kimi elm sahələrinin əhəmiyyətindən, vəhdət şəklində inkişafından danışıb. Əsrlərlə toplanmış elmi məlumatların əlaqələndirilməsi, onların əsasında əhəmiyyətli qanunların kəşf edilməsi üsulları haqqında məlumat verən E. Babayev festivala qatılan tələbələrin iştirakı ilə elm tarixinə düşmüş bir sıra maraqlı hadisələr barədə müzakirələr aparıb. Müzakirələr zamanı E. Babayev tədqiqat metodlarına görə təbiət elmləri arasında fizikanın xüsusi roluna diqqət çəkib, kosmos, Yer kürəsi, meqa-, makro- və mikroaləmlər arasında qarşılıqlı əlaqələrin rəngarəngliyinə toxunub. Öz məzmununa görə zəngin və çoxcəhətli olan bir çox fiziki hadisələrin elmi-kütləvi dildə izahını gənclərin diqqətinə çatdırıb.
E. Babayev bu il COP29 tədbirinə Azərbaycanın ev sahibliyi etməsini iqlim dəyişikliyi ilə bağlı müzakirələrdə ölkəmizin qlobal səylərə verdiyi töhfəni artırmaqla yanaşı beynəlxalq arenada mövqeyini gücləndirəcəyinə, ekoloji problemlərlə mübarizədə ölkənin rolunu artıracağına əminliyini ifadə edib. Bu istiqamətdə IDEA İctimai Birliyinin də gördüyü işlərin əhəmiyyətini qeyd edən rektor Birliyin təsisçisi və rəhbəri xanım Leyla Əliyevaya, "Yay Fest"in digər təşkilatçılarına təşəkkürünü bildirib. Panel görüşünün sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb və xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, bu il ümumilikdə 2 mindən çox gəncin iştirak etdiyi "Yay Fest" Gənclər Fondunun dəstəyi, "IDEA" İctimai Birliyi, COP29 Sədrliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "CAVAN" Gənclər Hərəkatı İctimai Birliyi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Çadır tipli düşərgə formatında baş tutan "Yay Fest"in başlıca məqsədi dövlət gənclər siyasətinə uyğun olaraq, gənclərə müxtəlif sahələrdə geniş imkanlar yaratmaq və onların inkişafına kömək etməkdir. Bununla yanaşı, gənclərin asudə vaxtlarını səmərəli və maraqlı keçirmələrini təmin etmək, müxtəlif bölgələrdən gələn gənclərin şəbəkələşməsinə dəstək olmaqdır.