BDU-nun nəzdində “Gənc istedadlar liseyi”ndə şəhidlərin xatirəsi anılıb
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar liseyi”ndə 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Dövlət himni səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Liseyin direktoru Fuad Babayev 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı Zəfəri haqqında şagirdlərə məlumat verib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində tarixi qələbəsi və şücaətindən bəhs edib. Liseyin direktoru bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başlayıb. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan özünün haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirib. Ötən il sentyabrın 19-da cəmi 24 saat davam edən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim olub, suverenliyimiz tam təmin olunub.
Tədbirdə liseyin tarix müəllimi Kəmalə Qırxlarova 44 gün davam edən Vətən müharibəsinin tarixi əhəmiyyəti haqqında danışıb. Bu qələbənin Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu və heç bir zaman unudulmayacağını qeyd edib.
Daha sonra lisey şagirdlərinin təqdimatında vətənpərvərliyə dair xorun ifası və şeirlər səsləndirilib.