BDU məzunu “Forbes”in siyahısında yer alıb
Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Kimya ixtisası üzrə 2017-ci il məzunu (ingilis bölməsi) Günay İmanzadə dünyada məşhur biznes jurnalı olan “Forbes”in siyahısında yer alıb. O, minlərlə gənc arasından seçilərək jurnalın 30 yaşa qədər uğur qazanan 30 nəfərin siyahısına düşüb. Günay builki siyahıda yer alan yeganə azərbaycanlıdır. Jurnalın Avropa üzrə “Təhsil, biznes və digər sahələrdə sosial təsir” kateqoriyasında yer tutan məzunumuz “Metatesk” startapının təsisçisidir. “Metatesk” startapı 6-14 yaşlı uşaq və yeniyetmələr üçün müasir və interaktiv onlayn təhsil platforması kimi fəaliyyət göstərir. Bu layihə ötən il “Silikon Vadisi Mentorluğu” proqramına seçilib.
Xatırladaq ki, Günay İmanzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü ildə innovasiya sahəsi üzrə Gənclər üçün Prezident mükafatına layiq görülüb.
Günay İmanzadə 2022-ci ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təsis etdiyi “İlin İKT sahibkarı” nominasiyasının qalibi olub. “Enthouse” layihəsinin həmmüəllifidir. Bu layihə “TEKNOFEST” yarışması zamanı maraqla qarşılanıb və Türkiyə bazarına çıxış təklifi alıb. Layihə “TEKNOFEST Azərbaycan” yarışmasında C kateqoriyası üzrə 1-ci yeri tutub. Günay İmanzadə “ABB Startup Hackathon”un qalibi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təsis etdiyi “İlin kəşfi” nominasiyasının finalçısı, “Microsoft for Startups” proqramının üzvü, “Google for Startups” akselerasiya proqramının iştirakçısıdır. “Roblox” şirkəti ilə təhsil sahəsində əməkdaşlıq edir.
2018-ci ildə İsveçrənin Federal Texnologiya Universitetində (EPFL- École polytechnique fédérale de Lausanne) çalışıb. 2019-2020-ci illərdə Çinin Beijing Beynəlxalq Məktəbində (“Beijing International School”) elm istiqaməti üzrə tədris aparıb.
Məzunumuzu təbrik edir, daha böyük uğurlar arzulayırıq!a