BDU-da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Kimya fakültəsində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun Kimya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə təşkil edilməsi regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə verir. O, belə müsabiqələrin tələbələr arasında ekoloji mədəniyyətin formalaşmasına, ekoloji biliklərin təbliğinə böyük fayda verdiyini qeyd edib.
Ümumilikdə 3 turda təşkil edilən intellektual oyunda 11 komanda yarışıb. Nəticələrə görə, “Yuli Sezar” komandası yarışın qalibi olub.