BDU-da “Müasir universitet kitabxanası modeli” mövzusunda müzakirələr aparılıb
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Müasir universitet kitabxanası modeli” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının dosenti Rəşad Qardaşov mövzu ilə bağlı məruzə edib.
Məruzədə əvvəlcə sahənin hüquqi bazası şərh edilib. “Kitabxana işi haqqında” Azəbaycan Respublikasının Qanunu, Ali təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi, Kitabxana Assosiasiyalarının Beynəlxalq Federasiyasının (İFLA) qəbul etdiyi normativ xarakterli sənədlər barədə məlumat verilib. “Kitabxana işi haqqında” Azəbaycan Respublikasının Qanununa əsasən kitabxanaların elm, təhsil, tərbiyə, mədəniyyət, informasiya funksiyalarını yerinə yetirən sosial institut kimi təsbit olunduğunu diqqətə çatdıran məruzəçi müasir universitet kitabxanasını bütün bu funksiyaları həyata keçirən qurum kimi səciyyələndirib. Akademik kitabxanaların prioritetləri barədə danışan məruzəçi modern kitabxana infrastrukturu, hibrid kitabxana, kitabxana və rəqəmsal mühit, sərhədsiz kitabxana, qlobal kitabxana və s. kimi mühüm anlayışları şərh edib: “Müasir universitet kitabxanası ilk növbədə tədqiqat kitabxanası funksiyasını yerinə yetirir. Ona görə də universitet kitabxanalarının müasir modelə uyğun inkişaf və transformasiyasının əsas istiqamətlərini müəyyənləşdirmək elm və təhsilin informasiya təminatında əsas tendensiya hesab olunur. Bu baxımdan ali təhsil müəssisələrinin kitabxanalarının fəaliyyətinin modelləşdirilməsi məqsədilə prioritet istiqamətləri müəyyənləşdirmək və strateji əsasların davamlı planlaşdırılmasını təmin etmək vacibdir”.
Məruzədə ali məktəb kitabxanalarının informasiya resurslarının modelləşdirilməsi sahəsində beynəlxalq təcrübə barədə geniş məlumat verilib, ölkəmizdə bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs olunub. Müasir universitet kitabxanasının strukturu, potensialı və hədəfləri elmi cəhətdən təhlil olunub, akademik mühitin təşviqi baxımından rəqəmsal resursların əhəmiyyəti vurğulanıb.
Rəşad Qardaşovun məruzəsi ətrafında geniş müzakirələr aparılıb. BDU-nun Elmi Kitabxanasının direktoru, dosent Nigar İsmayılova, Azərbaycan Texniki Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva, BDU-nun kafedra müdirləri Elçin Əhmədov, Knyaz Aslan məruzə ilə bağlı fikirlərini bildiriblər.