BDU-da Milli Musiqi Günü qeyd olunub
Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzi Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum günü və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə ədəbi-bədii kompozisiya hazırlayıb.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Azərbaycan musiqisinin inkişafında əvəzsiz rol oynayan Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqədar hər il ölkəmizdə təntənəli mərasimlər keçirilir.
Kompozisiyada dahi bəstəkarın “Arşın mal alan” operasından rəqs, “Leyli və Məcnun” operasından “Şəbi-hicran” xoru və görüş səhnəsi, “O olmasın, bu olsun” operettasından musiqi və səhnələr, “Arazbarı” ritmik muğamı, “Koroğlu” uvertürası təqdim olunub.