Sentyabrın 28-də Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı və Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin dəstəyi ilə “Mərkəzi Asiya və Qafqazda Dinamika Günləri” adlı Beynəlxalq elmi konfransın açılışı keçirilib.
Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov tədbiri giriş sözü ilə açaraq BDU-da son dövrlərdə aparılan elmi-tədqiqat işlərinin müasir çağırışlara cavab verəcək səviyyədə qurulması üçün görülən işlərdən, yeni yaradılmış laboratoriya və mərkəzlərdən bəhs edib. Bildirib ki, məhz bunun nəticəsində BDU-nun Hirş indeksi 53-ə çatıb. Tədqiqat Universitetinə çevrilməyi hədəfləyən BDU-da bu cür konfransın keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Mais Süleymanov vurğulayıb ki, konfransın məqsədi mürəkkəb və qeyri-xətti sistemlər fizikasında az öyrənilmiş bəzi məsələləri, son nailiyyətləri və gələcək inkişaf perspektivlərini təqdim və müzakirə etməkdir.
Sonra İtaliyanın İnsubria Universitetinin professoru Giulio Kasati keçirilən konfransın mövzusunun dünyanın inkişaf etmiş ölkələrində uzun müddət araşdırıldığına diqqət çəkib, ABŞ, Avropa, Çin, Yaponiya və Avstraliyada da bu mövzuda tədbirlərin təşkil olunduğunu deyib.
Qeyd edib ki, beynəlxalq konfrans ilk dəfə 2013-cü ildə Səmərqənddə (Özbəkistan) keçirilib. Giulio Kasati Beynəlxalq konfransın Mərkəzi Asiya, Qafqaz və digər inkişaf etməkdə olan ölkələrin tədqiqatçılarının Avropa, ABŞ, Yaponiya kimi inkişaf etmiş ölkələrin alimləri ilə əməkdaşlığının qurulmasına dəstək verəcəyinə əminliyini vurğulayıb.
Konfrans “Xaos və qeyri-xətti dinamika”, “Aşağı ölçülü domenlərdə qeyri-xətti təkamül tənlikləri”, “Solitonlar və kvant damcıları”, “Mürəkkəb şəbəkələr və şəbəkə dinamikası”, “Nanoölçülü sistemlərdə mürəkkəb hadisələr”, “Statistik fizika və onun tətbiqləri”, “Kvant elmində mürəkkəb hadisələr”, “Epidemiyaların proqnozlaşdırılma və modelləşdirilməsi”, “Astronomiya və astrofizikada mürəkkəb hadisələr” adlı mövzuları əhatə edir.
Bir çox ölkələrdən olan tanınmış alim-mütəxəssislərin iştirak etdiyi konfransda Riçardo Adami (Turin Politexnik Universiteti, İtaliya), İman Əsgərbəyli (Ankara Universiteti, Türkiyə), Karlo Beenakker (Leiden Universiteti, Hollandiya), Matthias Ehrhardt (Vuppertal Universiteti, Almaniya), Rosario Fazio (Əbdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzi, İtaliya), Yuval Gefen (Weizman İnstitutu, İsrail), Theo Geisel (Gottingen Universiteti, Almaniya), Elçin Cəfərov (Fizika İnstitutu, Azərbaycan), George Caparidze (Tbilisi Dövlət Universiteti, Gürcüstan), Mikhail Kiselev (Əbdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzi, İtaliya), Davron Matrasulov (Turin Politexnik Universiteti, Özbəkistan) və digərlərinin məruzələri nəzərdə tutulub.
Konfrans 3 gün davam edəcək.