BDU-da görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasında görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın anım günü ilə bağlı dəyirmi masa keçirilib.
Kafedra müdiri, dosent Vüqar Qaradağlı tədbir iştirakçılarına görkəmli şərqşünas Aida İmanquliyevanın həyatı və fəaliyyəti ilə bağlı məlumat verib. Qeyd edib ki, Aida İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk qadın professordur. Ərəb ədəbiyyatı sahəsində böyük bir məktəbin əsasını qoyan professor Aida İmanquliyeva fundamental əsərləri ilə Azərbaycan şərqşünaslığına böyük töhfə verib.
Fakültə dekanı, dosent Aydan Xəndan görkəmli alimin zəngin elmi fəaliyyətindən bəhs edib. O vurğulayıb ki, ömrünü Şərq mədəniyyətini və məhcər ədəbiyyatını öyrənməyə sərf edən Aida xanım İmanquliyeva müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açıb, öz fundamental araşdırmaları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, dünya şərqşünaslığını da zənginləşdirib.
Ərəb filologiyası kafedrasının professoru Aida Qasımova çıxışında Aida İmanquliyevanın elmi fəaliyyətinin səciyyəvi cəhətləri, Azərbaycanda ərəb ədəbiyyatının tədqiqi məktəbinin formalaşmasındakı rolundan danışıb.
Elmi işlər üzrə dekan müavini, dosent Nigar İsmayılzadə professor Aida İmanquliyevanın zəngin insani keyfiyyətlərə malik xanım, unudulmaz müəllim, səmimiyyət və xeyirxahlıq mücəmməsi kimi də yaddaşlarda daim yaşayacağını diqqətə çatdırıb.
Tədbirin sonunda professor Aida İmanquliyevanın həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.