BDU-da Bilik Günü qeyd olunub
Bakı Dövlət Universitetində (BDU) Bilik Günü münasibətilə tədbir keçirilib.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin orkestrinin ifasında Dövlət himni səsləndirilib.
BDU-nun rektoru Elçin Babayev professor-müəllim heyətini və tələbələri yeni tədris ilinin başlaması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Rektor qalib ölkəmiz və xalqımız üçün bu tədris ilinin əlamətdar olduğunu, Qarabağda, Şərqi Zəngəzurda yeni məktəblərin açıldığını, Qarabağ Universitetinin fəaliyyətə başladığını bildiirib. Rektor 105 illik yubileyi qeyd olunan BDU-nun zəngin tarixi və ənənələri olduğunu diqqətə çatdırıb. 1919-cu ildə cəmi 2 fakültə ilə fəaliyyətə başlayan BDU-da hazırda 16 fakültə, onlarla mərkəz, laboratoriya, iki elmi-tədqiqat institutu, bir kollec, bir filial, bir lisey var. BDU Azərbaycanda nüfuzlu QS reytinq agentliyinin hesabatına əsasən, dünyanın ən yaxşı 1000 universiteti sıyahısına düşən yeganə universitetdir: “Gəlin bu ənənələri yaşadaq, daha da inkişaf etdirək. Ölkəmizin və BDU-nun şöhrətini ucalara qaldıraq. Unutmayın ki, siz Ümummilli Lider Heydər Əliyevin məzunu olduğu Universitetin tələbələrisiz. Bu adı şərəflə daşıyacağınıza əminəm”.
Milli Məclisin üzvləri – BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov, BDU İctimai Nəzarət Şurasının sədri Arzu Nağıyev çıxışlarında müəllim və tələbələri Bilik Günü münasibətilə təbrik edib, təhsil həyatlarında uğurlar arzulayıblar.
Sonra 2024/2025-ci tədris ilində bakalavr pilləsi üzrə “Hüquqşünaslıq” (tədris ingilis dilində) ixtisasına 684.1 balla qəbul olunan Sevil Gülməliyeva, BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə ən yüksək 56.5 balla qəbul olunan Ömər Əziz, Vətən müharibəsi şəhidi, gizir Mayis Səmədovun övladı, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin I kurs tələbəsi Məleykə Səmədova çıxış edərək, arzu və istəklərini bildiriblər.
Tədbir Cəmşid Naxçıvanski adına Hərbi Liseyin orkestrinin müşayiəti ilə marş sədaları altında başa çatıb.