BDU-da Beynəlxalq Tərcüməçilər Gününə həsr olunmuş dəyirmi masa
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ”Tərcümə” ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə 30 sentyabr - Beynəlxalq Tərcüməçilər Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Fakültənin dekan müavini Şahin Yusifli əlamətdar günlə bağlı tələbə və müəllimləri təbrik edib. Bildirib ki, Beynəlxalq Tərcüməçilər Federasiyasının (FİT) qərarı ilə bu bayram 1991-ci ildən etibarən hər il sentyabrın 30-da qeyd edilir. Tərcüməçilik dünya üzrə ən çox tələb olunan peşələrdən biridir.
Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan peşəkar tərcüməçi olmağın daimi hazırlıq və mütaliə tələb etdiyini vurğulayıb. O qeyd edib ki, tərcüməçilik yalnız dillərarası deyil, həm də mədəniyyətlərarası kommunikasiyanın mühüm bir hissəsidir. Bu baxımdan tərcüməçilərin üzərinə böyük məsuliyyət düşür.
Dekan müavini Tərlan Məlikov, peşəkar tərcüməçi-müəllimlər Heybət Heybətov, Rəşad Babayev, Eldost İbrahimov və Rauf Quluzadə çıxışlarında tərcümənin növləri, sinxron tərcümə tarixi, bədii tərcümənin özəllikləri, tərcüməçinin fəaliyyət prinsipləri, bu zaman qarşıya çıxan çətinliklərdən bəhs ediblər.
Sonda tələbələrin sualları cavablandırılıb.