BDU-da "Azərbaycan Könüllülük Həftəsi 2024" layihəsi çərçivəsində “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası ifa olunub
Bakı Dövlət Universitetində (BDU) "Yaşıl dünya naminə həmrəylik İli"nə həsr olunmuş "Azərbaycan Könüllülük Həftəsi 2024" layihəsi çərçivəsində Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “BDU könüllüləri” təşkilatı və BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası ifa olunub.
Tamaşanın nümayişindən əvvəl sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Əliş Ağamirzəyev BDU-da həyata keçirilən sosial layihələrdən və “BDU könüllüləri” təşkilatının fəaliyyətindən söz açıb. Əliş Ağamirzəyev qeyd edib ki, ətrafında 1000 nəfərdən çox könüllünü birləşdirən təşkilat ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə öz layiqli töhfəsini verir.
Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatından və "Azərbaycan Könüllülük Həftəsi 2024" çərçivəsində həyata keçirilən tədbirlərdən bəhs edib.
Daha sonra tamaşa nümayiş olunub.
Səhnə əsərinin quruluşçu rejissoru Vahid Orucoğludur. “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasında rolları BDU-nun tələbələri Tural Behbudov, Kənan Neymətzadə, Ülviyyə Orucova, Ramazan Ramazanzadə, Hüseyn Cabbarlı, Nərmin Zeynalova, Mehriban İbrahimli, Üzeyir Kərimov və Səkinə Məmmədova canlandırıblar.