BDU-da elmi seminar: Kitabxanaların informasiya funksiyası
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Kitabxanaların informasiya funksiyası” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda fakültənin tədris işləri üzrə dekan müavini Esmira Rüstəmli mövzu üzrə məruzə edib.
Məruzədə bildirilib ki, internetin sürətli inkişafı, kommunikasiya sistemlərinin təkmilləşməsi informasiya cəmiyyətinin formalaşmasını və dinamik inkişafını şərtləndirir. Ona görə də informasiyanın əldə edilməsi, işlənməsi, emalı və ötürülməsi problemləri müasir kitabxana-informasiya mərkəzlərinin qarşısında mühüm vəzifə kimi dayanır. Bütün bunlar kitabxanalarla informasiya münasibətlərinin subyektləri arasında qarşılıqlı əlaqələrin və münasibətlərin yeni sistemini formalaşdırır: “İnformasiyanın aparıcı rola malik olduğu bir şəraitdə kitabxanaların ənənəvi informasiya funksiyası özünün yeni çalarları ilə ortaya çıxır. İnformasiya cəmiyyətində sosial institut kimi daha çevik və dinamik əlamətlərə malik olan kitabxanaların fəaliyyətinin əsasını təşkil edən sosial funksiya yeni meyarları və şərtləri ilə diqqəti cəlb edir”.
Araşdırmada qeyd olunub ki, günümüzdə baş verən texnoloji dəyişikliklər, ortaya çıxan yeni paradiqmalar kitabxanaların ümumi fəaliyyəti, iş prosesləri ilə birlikdə onların informasiya funksiyasının həyata keçirilməsinə bir sıra yeniliklər gətirib. Kitabxana-informasiya mərkəzləri bu yeniliklərin fonunda özlərinin prioritet istiqamətlərini yenidən müəyyənləşdirir, qlobal informasiya məkanına inteqrasiyanı daha sürətli və modern üsullarla həyata keçirirlər. Məruzədə yerli və xarici kitabxanaşünas alimlərin mövzu ilə bağlı araşdırmalarının nəticələrinə istinadlar edilib, bir sıra müqayisəli təhlillər aparılıb, həmçinin kitabxanaların informasiya funksiyasının Azərbaycan kitabxanalarında tətbiqinin təcrübi məsələlərindən bəhs olunub.
Elmi seminar müzakirələrlə davam edib.