Pakistanlı alim BDU-da ustad dərsi keçib
Bakı Dövlət Universitetində (BDU) Biologiya fakültəsinin təşkilatçılığı ilə Pakistanın Quaid-i-Azam Universitetinin tanınmış professoru Muhammad Zafar "Bitkilərdən bioenerji mənbəyi kimi istifadə imkanları" mövzusunda mühazirə oxuyub. Tədbirdə Biologiya, Ekologiya və torpaqşünaslıq fakültələrinin, eləcə də SABAH qruplarının professor-müəllim heyəti və tələbələri iştirak edib.
Muhammad Zafar mühazirəsində bitkilərin etnobotaniki xüsusiyyətləri, bioenerji sahəsindəki potensialları və müasir dövrdə bitki toxumlarından biodizel yanacağı əldə olunması ilə bağlı innovativ metodologiyaları izah edib. Eyni zamanda, bu metodların iqtisadi və ekoloji üstünlükləri, habelə onların tətbiq sahələri geniş müzakirə olunub.
Məruzəçi mövzu ilə bağlı yeni tədqiqat perspektivlərini də təqdim edib. Təqdimatdan sonra bioenerji mənbələrinin inkişafı və davamlı enerji təminatı mövzusunda müzakirələr davam edib.