BDU-105: Prezident təqaüdçülərinin sayına görə ölkədə birinci yerdə olan Hüquq fakültəsi
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin “Azərbaycanın xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı Bakı Dövlət Universitetinin (BDU) auditoriyalarında Azərbaycan elminin, ictimai fikrinin, dövlətçiliyinin formalaşmasında mühüm rol oynamış elm və dövlət xadimləri yetişib. BDU-nun dünya şöhrətli məzunu, müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyev BDU-nun Tarix fakültəsinin məzunudur.
Elm və təhsili qırılmaz şəkildə birləşdirən Hüquq fakültəsi BDU-nun aparıcı, nüfuzlu və ən böyük fakültələrindən biridir. Fakültə uzun illərdir ki, yüksəkixtisaslı hüquqşünas kadrlar yetişdirərək, respublikanın hüquq‐mühafizə orqanlarını, dövlət və hökumət (qeyri‐hökumət) qurumlarını hüquqşünas kadrlarla təmin edir. Azərbaycanda hüquq elminin inkişafında Hüquq fakültəsinin yetirmələrinin rolu danılmazdır. Bu gün də məhz Hüquq fakültəsi respublikada hüquq elminin inkişafında və hüquq üzrə elmi‐pedaqoji kadrların hazırlanmasında əsas aparıcı mərkəzdir. Fakültə beynəlxalq əməkdaşlıq xəttində dünyanın aparıcı dövlətlərinin ali hüquq məktəbləri ilə sıx əməkdaşlıq edir.
Hüquq fakültəsi 1928‐ci il dekabrın 17-də BDU-nun Hüquq şöbəsinin bazasında yaradılıb. Fakültənin yaradılmasında Universitetin o dövrdəki rektoru (ilk azərbaycanlı rektoru), böyük təşkilatçı, görkəmli ədib və dövlət xadimi Tağı Şahbazinin müstəsna xidmətləri olub.
Hüquq fakültəsi iki şöbə – Məhkəmə və İnzibati‐təsərrüfat şöbələri və 11 kafedradan ibarət yaradılıb. Hüquq və dövlət nəzəriyyəsi, Tarixi və dialektik materializm, Hüquq fəlsəfəsi, Təsərrüfat məişəti tarixi, Beynəlxalq hüquq, Cinayət hüququ, Təsərrüfat hüququ, Mülki hüquq, Dövlət hüququ, Ticarət‐sənaye hüququ və Statistika kafedraları öz növbəsində Fəlsəfə‐sosiologiya, Hüquq və İqtisad fənn komissiyalarında birləşirdi. Dövlət və hüquq nəzəriyyəsi üzrə tanınmış hüquqşünas alim, professor A.O.Mişel Hüquq fakültəsinin ilk dekanı oldu.
Hüquq fakültəsinin tarixinə onun ilk azərbaycanlı dekanı kimi daxil olmuş dosent M.Y.Quliyev fakültəyə 3 il başçılıq edib. Petroqrad Universitetinin Hüquq fakültəsinin 1916‐cı il məzunu və mülki hüquq üzrə görkəmli alim olan professor Qasım Cəfərov müstəqil Hüquq fakültəsinin tarixinə onun ikinci azərbaycanlı dekanı kimi daxil olub. O, Hüquq fakültəsinə qısa fasilələrlə 16 il (1936‒1952) rəhbərlik edib. 1952‒1962‐ci illərdə fakültənin dekanı dosent Qurban Məmmədov olub.
Bütün Azərbaycanda olduğu kimi, BDU-nun və onun Hüquq fakültəsinin inkişafında yeni mərhələ 1969‐cu ildən başlayır. Respublikanın rəhbəri Ulu Öndər Heydər Əliyevin təşəbbüsü nəticəsində hüquq təhsili və elmi sahəsində çalışan alimlərin milliləşdirilməsi surətlə davam edib. Bu zaman əsas istiqamətlərdən biri insanların hüquq təhsili və mədəniyyətinin genişləndirilməsi, cəmiyyətdə hüquqi təfəkkürün, hüquqi mədəniyyətin və hüquqi düşüncə tərzinin inkişafı idi. Respublika çərçivəsində 1970‐ci il dekabr ayının 4‐də qəbul edilmiş “Zəhmətkeşlərin hüquqi tərbiyəsini yaxşılaşdırmaq tədbirləri haqqında” qərar da məhz Ulu Öndərin rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilmişdi. Bu qərarla ali və orta ixtisas məktəblərində hüququn əsaslarının tədrisi və öyrənilməsi işini yaxşılaşdırmaq, tədris müəssisələri vasitəsilə hüquqi biliklərin təbliğini gücləndirmək, qanunvericiliyin ən aktual məsələlərinin gənc nəslə öyrədilməsinə və izah olunmasına, hüquq qaydalarının möhkəmləndirilməsinə yönəldilən tədbirlərin işlənib hazırlanması və s. kimi məsələlər nəzərdə tutulmuşdu. O dövrdə Hüquq fakültəsinin kollektivi məhz Ümummilli Lider Heydər Əliyevin birbaşa göstərişi ilə bu proseslərə fəal cəlb edilib, fakültə ilə hüquq-mühafizə orqanlarının əməkdaşlıq əlaqələri daha sıx qurulub. 1971‐ci ildə Universitetdə ictimai əsaslarla işləyən Hüquq məsləhətxanası açıldı. Bu dövrdən başlayaraq Hüquq fakültəsinin müəllim heyətinin respublikanın şəhər və rayonlarına davamlı olaraq ezam olunmasına başlanıldı.
Bu zaman Azərbaycanda Hüquq fakültəsinə tələbə kimi daxil olmaqda mövcud maneələr aradan qaldırıldı. O dövrdə Hüquq fakültəsinə daxil olanlar əsasən partiya və digər dövlət orqanlarının yüksək vəzifəli şəxslərinin övladları idi. Ulu Öndər sovet Azərbaycanının rəhbəri kimi bu ədalətsizliyi aradan qaldırdı və Hüquq fakültəsini tamamilə xalqın fakültəsinə çevirdi.
1980‒1985‐ci illərdə Hüquq fakültəsinin dekanı hüquq elmləri doktoru, professor İsa Məmmədov, 1985‒1989‐cu illərdə professor Firudin Səməndərov, 1989‐cu ildən 1998‐ci ilə qədər hüquq elmləri doktoru, professor Məmmədxan Rəsulov, 2001‒2002‐ci illərdə professor Namiq Əliyev, 2002‒2003‐cü illərdə professor Yusif Mehdiyev, 2003‒2007‐ci illərdə professor Kamilə Sarıcalinskaya olub. 2007‒2011‐ci illərdə Hüquq fakültəsində dekan vəzifəsini müvəqqəti olaraq yenidən professor Firudun Səməndərov icra edib. 2011‒2022‐ci illərdə Hüquq fakültəsinin dekanı hüquq elmləri doktoru, professor Əmir Əliyev olub. 2022‐ci ildən Hüquq fakültəsinin dekanı hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevdir.
Hazırda Hüquq fakültəsində 25‐dən çox hüquq elmləri doktoru və 100‐ə yaxın hüquq üzrə fəlsəfə doktoru olmaqla 120‐dən artıq professor‐müəllim fəaliyyət göstərir. Hüquq ixtisası üzrə Avropa, ABŞ, Türkiyə və digər xarici dövlətlərdə təhsil almış azərbaycanlı məzunlar da bu gün Hüquq fakültəsində tədris prosesini uğurla aparırlar.
Fəaliyyət göstərdiyi müddətdə fakültə on minlərlə peşəkar hüquqşünas kadr yetişdirib, respublikanın hüquq‐mühafizə orqanlarını, dövlət və hökumət qurumlarını hüquqşünas kadrlarla təmin edib. 2008-2009‐cu tədris ilindən Hüquq fakültəsində Bolonya sisteminin tətbiqinə başlanılıb. Hüquq fakültəsi üzrə beynəlxalq təcrübə nəzərə alınmaqla 2014-2015‐ci tədris ilindən isə yeni təhsil standartları işlənib hazırlanıb.
Hazırda Hüquq fakültəsində aşağıdakı kafedralar və digər struktur bölmələri fəaliyyət göstərir: Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrası ‒ kafedra müdiri AMEA‐nın müxbir üzvü, hüquq elmləri doktoru, professor Məsumə Məlikova; Konstitusiya hüququ kafedrası ‒ kafedra müdiri hüquq üzrə fəlsəfə doktoru, professor Ziyafət Əsgərov; Cinayət hüququ və kriminologiya kafedrası ‒ kafedra müdiri hüquq elmləri doktoru, professor Şəhla Səmədova; Mülki hüquq kafedrası ‒ kafedra müdiri hüquq üzrə fəlsəfə doktoru, dosent Şükür Yusifov; Beynəlxalq ümumi hüquq kafedrası – kafedra müdiri hüquq elmləri doktoru, professor Rüstəm Məmmədov; İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrası ‒ kafedra müdiri hüquq elmləri doktoru, dosent Turqay Hüseynov; Cinayət prosesi kafedrası – kafedra müdiri hüquq elmləri doktoru, professor Firuzə Abbasova; Mülki proses və kommersiya hüququ kafedrası – kafedra müdiri hüquq üzrə fəlsəfə doktoru, dosent Əsmər Əliyeva; Əmək və ekologiya hüququ kafedrası – kafedra müdiri hüquq elmləri doktoru, professor Alış Qasımov; Kriminalistika və məhkəmə ekspertizası kafedrası ‒ kafedra müdiri hüquq elmləri doktoru, professor Kamil Səlimov; Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrası ‒ kafedra müdiri hüquq üzrə fəlsəfə doktoru, dosent Əlizadə Məmmədov; Əqli mülkiyyət hüququ kafedrası ‒ kafedra müdiri vəzifəsini icra edən hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı; Hüquq Klinikası; Kriminalistika laboratoriyası – laboratoriya müdiri Akif Əliyev; Dəniz və enerji hüququ mərkəzi ‒ rəhbər hüquq üzrə fəlsəfə doktoru, dosent Bəhruz Məhərrəmov; Müqayisəli hüquqi araşdırmalar mərkəzi.
Hazırda Hüquq fakültəsində təhsil bakalavriat, magistratura və ikipilləli doktorantura səviyyələri üzrə Azərbaycan, ingilis və rus dillərində həyata keçirilir. Fakültədə bakalavriat səviyyəsi üzrə 1600-dən, magistratura səviyyəsi üzrə 200-dən artıq tələbə təhsil alır, doktoranturada isə 100-dən çox tədqiqatçı hüquq elminin müxtəlif sahələri üzrə elmi tədqiqiat işi yerinə yetirir.
Fakültə Prezident təqaüdçülərinin sayına görə ölkədə və BDU‐da birinci yerdədir.
Hüquq fakültəsində bakalavriat təhsil səviyyəsində bir ixtisas ‒ “Hüquqşünaslıq” ixtisası üzrə 83, magistratura təhsil səviyyəsində isə 21 ixtisaslaşma üzrə 250‐dən artıq fənn tədris olunur.
Fakültədə bakalavriat və magistratura səviyyəsi üçün müasir dövrün tələblərinə uyğun tədris planları, fənn proqramları, dərsliklər işlənib hazırlanıb. Təkcə 2022-2023‐cü tədris ilində fakültə üzrə nəşrlərin sayı 200‐ə yaxın olub.
Magistratura səviyyəsində “Dövlət və hüquq nəzəriyyəsi və tarixi”, “Dövlət hüququ”, “Cinayət hüququ”, “Cinayət prosesi”, “Kriminalistika və məhkəmə ekspertizası”, “Mülki və təsərrüfat hüququ”, “Beynəlxalq hüquq”, “Transmilli cinayət hüququ”, “İnsan hüquqları”, “Kommersiya hüququ”, “Avropa hüququ”, “Dəniz və enerji hüququ”, “İnformasiya hüququ”, “İdman hüququ”, “Turizm hüququ”, “Tibbi hüquq”, “Əqli mülkiyyət hüququ”, “Beynəlxalq iqtisadi hüquq”, “Əmək hüququ”, “Sosial təminat hüququ”, “Ekologiya hüququ”, “Vergi hüququ”, “İnzibati hüquq”, “İnzibati proses”, “İqtisadi və maliyyə hüququ”, “Mədəniyyət hüququ” ixtisaslaşmaları üzrə kadrlar hazırlanır.
2023‐cü ildən Hüquq fakültəsində fəaliyyət göstərən daimi Dissertasiya Şurasında “Beynəlxalq hüquq; insan hüquqları”, “Dövlət və hüquq nəzəriyyəsi və tarixi; hüquq və dövlət haqqında təlimlər tarixi”, “Mülki hüquq; sahibkarlıq hüququ; ailə hüququ; beynəlxalq xüsusi hüquq”, “İnzibati hüquq, maliyyə hüququ və informasiya hüququ” ixtisasları üzrə hüquq üzrə fəlsəfə doktoru dissertasiyalarının, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq əmrləri əsasında isə digər ixtisaslar üzrə də hüquq üzrə fəlsəfə və elmlər doktoru dissertasiyalarının müdafiələri keçirilir.
Fakültədə Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar Təşkilatı, Tələbə Gənclər Təşkilatı, Cinayət Hüququ Klubu aktiv fəaliyyət göstərir.
Hüquq fakültəsində redaksiya heyəti nüfuzlu yerli və xarici alimlərdən ibarət “Beynəlxalq hüquq və inteqrasiya problemləri” (ingilis dilində) və “Azərbaycan hüquq jurnalı” adlı xüsusi elmi‐analitik və praktiki jurnallar buraxılır. Bundan başqa, Hüquq fakültəsində Tələbə Elmi Cəmiyyəti tərəfindən “Hein Online” və “SCOPUS” məlumat bazasına daxil olan “Tələbə Hüquq Jurnalı” dərc edilir. “Tələbə Hüquq Jurnalı” Cənubi Qafqazda “HeinOnline” hüquqi araşdırma məlumat bazasında yerləşdirilən ilk və “SCOPUS” məlumat bazasına daxil olan yeganə hüquq jurnalıdır.
Fakültədə mütəmadi olaraq beynəlxalq və respublika səviyyəli elmi‐praktiki konfranslar keçirilir və onların materialları dərc edilir.
Hüquq fakültəsinin beynəlxalq əlaqələri olduqca genişdir. Belə ki, fakültənin ABŞ‐nin Tüleyn Universiteti, Almaniyanın Vürzburq və Martin Lüter adına Halle-Vittenberq universitetləri, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Türkiyənin Ankara və İstanbul universitetləri, T.Q.Şevçenko adına Kiyev Milli Universiteti, Tbilisi Dövlət Universiteti, Qazaxıstanın Əl‐Fərabi və A.Qumilyov adına Avrasiya universitetlərinin, Moldova Dövlət Universitetinin Hüquq fakültələri ilə, habelə Almaniyanın Maks Plank adına Beynəlxalq və Müqayisəli Cinayət Hüququ İnstitutu, Moskva Dövlət Hüquq Akademiyası, Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutu, Ukrayna Milli Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutu və digər mötəbər elm‐təhsil ocaqları ilə geniş elmi əlaqələri qurulub.
Tüleyn Universiteti Hüquq fakültəsi və BDU-nun Hüquq fakültəsi arasında Dəniz və enerji hüququ sahəsində magistratura proqramının təşkili ilə bağı niyyət protokolu imzalanıb. Artıq bir neçə ildir ki, “Dəniz və enerji hüququ” ixtisasına qəbul müvəffəqiyyətlə həyata keçirilir. Tədrisin bəzi fənləri ilkin dövrdə əcnəbi mütəxəssislərin iştirakı ilə aparılırb. Hər iki fakültənin birgə iki beynəlxalq konfransı keçirilib. Hazırda isə fakültənin magistratura təhsil pilləsində “Dəniz və enerji hüququ” ixtisası üzrə Qazaxıstanın Əl‐Fərabi adına Universiteti ilə ikili diplom üzrə əməkdaşlıq həyata keçirilir.
BDU ilə Almaniyanın Maks Plank adına Beynəlxalq və Müqayisəli Cinayət Hüququ İnstitutu arasında 2013 və 2014‐cü illərdə imzalanmış memorandumlara əsasən isə, Hüquq fakültəsində “Transmilli cinayət hüququ” ixtisası üzrə magistratura pilləsinə qəbul həyata keçirilir. Magistraturanın “Avropa hüququ” ixtisaslaşması Almaniyanın Vürzburq Universiteti və BDU arasında imzalanmış 2011 və 2014‐cü il tarixli memorandumlara əsasən qurulub. 30‐dan çox məzuna BDU-nun diplomu ilə yanaşı, “Avropa hüququ” ixtisaslaşması üzrə Vürzburq Universitetinin diplomları da verilib. Fransanın Lion‐2 Universiteti ilə “Əqli mülkiyyət hüququ” magistratura ixtisaslaşması sahəsində də ikili diplom proqramı üzrə magistr hazırlığı həyata keçirilir.
Fakültənin tarixində ilk dəfə olaraq 2023-cü ildə müəllim və tələbə heyətinin Avropa Şurasının (AŞ) təşkilatçılığı ilə Strasburq şəhərinə AŞ-nin mənzil‐qərargahına təlim səfəri baş tutub. Eləcə də fakültənin tarixində ilk dəfə olaraq “Tələbədən tələbəyə” layihəsinin icrasına başlanılıb. Layihənin əsas məqsədi tələbələrin tədris prosesinə cəlb edilməsi işinin təşkilindən ibarət olan bu layihə çərçivəsində xüsusi təlim keçmiş yuxarı kurs tələbələri tərəfindən aşağı kurs tələbələri üçün hüquqa dair müxtəlif mövzular üzrə interaktiv təlimlərin keçirilməsidir.
Hüquq fakültəsinin maraqlı tədbirlərinin sırasında 2022-ci ildən təsis edilən “Cinayətkarlıqla mübarizədə nəzəri və praktiki mübadilə” adlı layihə çərçivəsində tələbələrin görkəmli hüquqşünaslarla (məsələn, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, professor İlham Rəhimovla, Əməkdar hüquqşünas İkram Kərimovla və s.) görüşlərini, müxtəlif digər maraqlı tədbirlərini də qeyd etmək lazımdır.
Bundan başqa, Hüquq fakültəsinin tələbələrinin iştirakı ilə mütəmadi olaraq parlament və məhkəmə simulyasiyaları keçirilir. Onların sırasında 2022-2024-cü illərdə “Səhnələşdirilmiş parlament debatı”, “Gözlənilən mühakimə”, “İttiham, yoxsa Bəraət?” adlı simulyasiyaları qeyd etmək olar.
Tədris prosesinə yeni metodikaların tətbiqi və tədrisin təkmilləşdirilməsi yeni dərslik, dərs vəsaiti və proqramların yazılmasına dəstək göstərilməsini də ehtiva edir. Son iki il ərzində Hüquq fakültəsində onlarla dərslik, dərs vəsaiti, monoqrafiya, proqram dərc olunub. Bu əsərlərin əksəriyyəti Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və Hüquq fakültəsinin 95 illiyinə həsr edilib.
Hüquq fakültəsinin məzunları olan Vətən müharibəsi iştirakçılarına xüsusi qayğı göstərməsi də tələbələrə vətənpərvərlik hissinin aşılanmasının bariz nümunəsidir. Bu istiqamətdə işlər çərçivəsində fakültənin kollektivi Hüquq fakültəsinin məzunları və tələbələri olan Vətən müharibəsi iştirakçıları ilə mütəmadi görüşlər təşkil edir. Qazilər, o cümlədən Hüquq fakültəsinin məzunu, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları və 3‐cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş şəhid Ceyhun Şalıyevin ailəsi Zəfər Günü münasibətilə təşəkkürnamə ilə təltif ediliblər.
2024-cü ildə fakültənin keçirdiyi ən önəmli tədbirlərdən biri də Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20 illiyinə həsr edilmiş "Respublika Hüquq Olimpiadası" olub. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində keçirilən Olimpiada bu formatda hüququn bütün əsas sahələrini əhatə edən olimpiada kimi respublikamızda ilk dəfə keçirilib.
26 avqust 2024-cü il tarixində fakültənin tələbələri uşaq evini ziyarət ediblər. Ziyarət çərçivəsində tələbələr uşaqlarla səmərəli vaxt keçirib, interaktiv və əyləncəli oyunlar təşkil ediblər. Uşaqların sevinc dolu anlar yaşadığı bu ziyarət zamanı tələbələr Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xeyirxahlıq missiyası, uşaqların rifahı və xoşbəxtliyi naminə çoxşaxəli fəaliyyəti, həssas qruplara, xüsusilə uşaqlara göstərdiyi diqqət və qayğı haqqında geniş məlumat veriblər.
İstər ayrı-ayrı tədbirlərdə, istərsə də tələbələr qarşısında mütəmadi çıxışları zamanı fakültənin professor-müəllim heyəti Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə elmin inkişafına böyük diqqət və qayğı göstərdiyini, respublikamızda elmin sürətli inkişaf mərhələsinin, köklü hüquqi islahatların məhz Ulu Öndərin adı ilə bağlı olduğunu, Ulu Öndərin başladığı səmərəli islahatların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, dövlət başçısının imzaladığı aktların qısa dövr ərzində elm və təhsilin dinamik inkişafını təmin etdiyini, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Ulu Öndərin adını daşıyan Fondun həyata keçirdiyi müxtəlif layihələrin məhz təhsilin inkişafına xidmət etdiyini, bu sahədə Heydər Əliyev Fondunun əvəzsiz rolunu xüsusi vurğulayır.
Əminik ki, Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı 105 illik Bakı Dövlət Universitetinin 96 illik zəngin tarixə malik Hüquq fakültəsi ölkəmizdə hüquqşünas kadrların yetişdirildiyi, hüquq elminin aktual problemlərinin tədqiq olunduğu əsas mərkəz kimi nüfuzunu daim yüksəldəcəkdir.