BDU-105: Azərbaycanın sosial inkişafı üçün kadrlar hazırlayan Sosial elmlər və psixologiya fakültəsi
Bakı Dövlət Universiteti (BDU) yarandığı gündən ölkəmizi yüksəkixtisaslı mütəxəssislərlə təmin etmək üçün daim yeni ixtisasların açılmasına üstünlük verib. 1990-cı ildə BDU-nun Tarix fakültəsinin tərkibində “Tarix-sosiologiya, “Tarix-psixologiya”, “Tarix-sosial psixologiya” və “Tarix-etnopsixologiya” ixtisaslarına tələbə qəbulu keçirilib. Bir il sonra həmin ixtisasların bazasında, habelə “Fəlsəfə” və “İqtisadi nəzəriyyə” ixtisaslarından ibarət yeni fakültə – Sosial elmlər və psixologiya fakültəsi yaradılıb. Fəaliyyətinin ilk günlərindən Sosial elmlər və psixologiya fakültəsində dörd ixtisas – “Psixologiya”, “Sosiologiya”, “Fəlsəfə” və “İqtisadi nəzəriyyə” ixtisasları üzrə kadr hazırlığına başlanılıb.
Ötən əsrin 80-ci illərin axırı - 90-cı illərin əvvəllərində ölkəmizdə baş verən sosial-siyasi hadisələr “Sosial-siyasi münasibətlər nəzəriyyəsi” ixtisası üzrə kadr hazırlığına ehtiyac yaradırdı. Həmin tələbatı ödəmək məqsədi ilə Sosial elmlər və psixologiya fakültəsində 1992-ci ildə “Sosial-siyasi münasibətlər nəzəriyyəsi” ixtisası (sonralar bu ixtisas “Politologiya” adlandırılıb) üzrə tələbə qəbulu keçirilib. Beləliklə, fakültədə beş ixtisas (“Psixologiya”, “Sosiologiya”, “Fəlsəfə”, “Politologiya”, “İqtisadi nəzəriyyə”) ixtisasları üzrə sistemli kadr hazırlığına başlanılıb. Sonradan “Politologiya” və “İqtisadi nəzəriyyə” ixtisasları yeni yaradılmış Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə verilib. Sosial elmlər və psixologiya fakültəsində isə “Sosial iş”, “Təhsildə sosial-psixoloji xidmət” və “Korreksiyaedici təlim” ixtisasları açılıb.
Fakültə yaradılarkən onun tabeliyində bir kafedra – Fəlsəfə və sosiologiya kafedrası olub. Sonradan fakültə hazırladığı ixtisaslara uyğun olaraq öz fəaliyyətini genişləndirib. 1992-ci ildə ixtisas-buraxılış kafedralarına çevrilən daha üç ümumuniversitet kafedrası (Psixologiya, İqtisadiyyat, Politologiya və sosiologiya kafedraları) yaradılıb. 1999-cu ilin iyununda fakültənin daha səmərəli işləməsi və təşkilati baxımdan möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Psixologiya, Pedaqogika, Politologiya və sosiologiya, İqtisadiyyat, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq, Təbiət fakültələri üzrə fəlsəfə, Humanitar fakültələr üzrə fəlsəfə kafedraları Sosial elmlər və psixologiya fakültəsinin tərkibinə daxil edilib.
Hazırda Sosial elmlər və psixologiya fakültəsində 8 kafedra fəaliyyət göstərir. Bunlar Fəlsəfə, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq, Pedaqogika, Psixologiya, Gender və tətbiqi psixologiya, Sosiologiya, Sosial və pedaqoji psixologiya, Sosial iş kafedralarıdır.
Psixologiya elmləri doktoru, Əməkdar elm xadimi, professor Əkbər Bayramov fakültənin ilk dekanı olub. 1992-ci ilin noyabrından 2006-cı ilin dekabrına qədər isə fakültəyə fəlsəfə elmləri namizədi, dosent Fazil Vahidov rəhbərlik edib. Daha sonra pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə fakültə dekanı seçilib. 2022-ci ildən fakültəyə dosent Rövşən Cavadov rəhbərlik edir.
Ümumiyyətlə, fakültənin inkişafında bir çox görkəmli alimlər – Əkbər Bayramov, Cəmil Əhmədli, Fuad Qasımzadə, Həsən Şirəliyev, Həmid İmanov, Fazil Vahidov, İzzət Rüstəmov, Rəbiyyət Aslanova və başqalarının əvəzsiz xidmətləri olub.
Hazırda Sosial elmlər və psixologiya fakültəsində bakalavriatura səviyyəsində 6 ixtisas (“Psixologiya”, “Sosiologiya”, “Sosial iş”, “Fəlsəfə”, “Təhsildə sosial psixologiya xidmətləri”, “Korreksiyaedici təlim”), magistratura səviyyəsində isə 19 ixtisaslaşma (“Ümumi psixologiya, “Uşaq və yaş psixologiyası”, “Klinik psixologiya”, “Hüquq psixologiyası”, “Sosial psixologiya”, “Pedaqoji psixologiya”, “İnkişaf psixologiyası”, “Təhsildə sosial-psixoloji xidmət”, “Pedaqogikanın tarixi və nəzəriyyəsi”, “Sosial pedaqogika”, “Təhsildə qiymətləndirmə və monitorinq”, “Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş”, “Gənclərlə sosial iş”, “Siyasət nəzəriyyəsi”, “İdarəetmənin nəzəriyyəsi”, “Sosioloji tədqiqatların metodları və metodologiyası”, “Sosial fəlsəfə”, “Təbiətşünaslıq fəlsəfəsi”, “Fəlsəfə tarixi”) üzrə kadr hazırlığı həyata keçirilir. Fakültədə təhsil forması həm əyani, həm də qiyabidir. Təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır. Fakültədə 100 nəfərlik professor-müəllim heyəti fəaliyyət göstərir. 2016/2017-ci tədris ilindən etibarən fakültədə “Psixologiya” ixtisası üzrə SABAH qrupu yaradılıb.
Hazırda Sosial elmlər və psixologiya fakültəsində 2081 nəfər (bakalavr pilləsində - 1792, magistr pilləsində - 185, fəlsəfə doktoru proqramı üzrə - 94, elmlər doktoru proqramı üzrə - 10 nəfər) təhsil alır.
Fəaliyyət göstərdiyi 33 il ərzində fakültə bir çox xarici ali məktəblərlə, beynəlxalq təşkilatlarla əlaqələr yaradıb, sosial və humanitar sahələr üzrə təhsilin metodoloji və nəzəri əsaslarını formalaşdırıb. Fakültənin kollektivi elmi tədqiqatları ilə cəmiyyətin təfəkkür mədəniyyətini formalaşdırmağa çalışıb. Fakültənin fəaliyyəti nəticəsində sosiologiya, fəlsəfə, korreksion pedaqogika, psixologiya, sosial iş sahələri bir elm və peşə olaraq təşəkkül tapıb, dövrün tələblərinə uyğun inkişafa nail olub. Fakültə çətin və şərəfli inkişaf yolu keçib. Nəticədə sosiologiya, fəlsəfə, psixologiya, pedaqogika sahələri üzrə cəmiyyətimizin mənəvi-mədəni və bütövlükdə sosial inkişafının ayrılmaz tərkib hissəsinə çevrilib. Fakültə tədris prosesinin təkmilləşdirilməsini, tələbələrin müstəqil işlə məşğul olmasını, mütəxəssis kadrların hazırlanmasında keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasını, tədris planlarında ixtisaslar üzrə elmin müasir sahələrinin və problemlərinin öz əksini tapmasını daim diqqət mərkəzində saxlayır.
Bakı Dövlət Universiteti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və ona tabe qurumlarla sıx əməkdaşlıq edir. Bunların arasında DOST Agentliyi, Sosial Xidmətlər Agentliyi və s. göstərmək olar. Bu əməkdaşlıq çərçivəsində Sosial elmlər və psixologiya fakültəsinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələri üçün istehsalat və elmi-tədqiqat təcrübə proqramları təşkil olunur. Eləcə də birgə sosial layihələr hazırlanır və həyata keçirilir.
Fakültə öz geniş profilinə uyğun olaraq bir çox dövlət və ictimai təşkilatlarla da əməkdaşlıq edir. Milli Məclisin komissiyaları, bir sıra qeyri-hökümət qurumları, BDU-nun psixoloji yardım sektoru, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu, Təhsil Problemləri İnstitutu, ölkədə fəaliyyət göstərən ali məktəblər fakültənin sıx əməkdaşlıq etdiyi qurumlardandır.