BDU-105: Azərbaycan və xarici ölkələr üçün yüksək ixtisaslı mütəxəssislər hazırlayan Geologiya fakültəsi
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsi Azərbaycanın geologiya üzrə elmi-pedoqoji kadr ehtiyaclarının ödənilməsində əhəmiyyətli rol oynayan elm və təhsil mərkəzidir. BDU-da Geologiya fənninin tədrisi hələ 1934-cü ildən Biologiya fakültəsinin tərkibində təşkil edilib. Universitetdə geoloq kadrların hazırlanmasına isə 1943-cü ildən başlanılıb. 81 il ərzində fakültənin aparıcı alimlərinin səyi nəticəsində BDU-da geologiya təhsili ali təhsil sisteminin ən əsas bölmələrindən birinə çevrilib, minlərlə yüksək ixtisaslı mühəndis-geoloq, geofizik, hidrogeoloq, neftçi-geoloq, dağ-mədən mühəndisi və geokimyaçı əmək bazarına daxil olub. Fakültənin məzunlarının bilavasitə iştirakı sayəsində ölkəmizdə etibarlı mineral-xammal bazası yaradılıb. Azərbaycan ərazisində istismar edilən və yaxud balans ehtiyatlarına malik əksər faydalı qazıntı yataqları fakültənin yetişdirmələri tərəfindən kəşf edilib. Fakültənin məzunları ölkəmizdə və xaricdə yaxşı tanınır, bir sıra elm və təhsil müəssisələrinin kadr potensialının əsasını təşkil edir və rəhbər vəzifələrdə çalışırlar.
Geologiya-coğrafiya fakültəsi 1943-1944-cü tədris ilində Geologiya və paleontologiya, Kristalloqrafiya, mineralogiya və petroqrafiya və Coğrafiya kafedralarınıın bazasında yaradılıb. 1991-ci ildən Geologiya-coğrafiya fakültəsi iki struktura - Geologiya və Coğrafiya fakültələrinə ayrılıb. Ümumi və tarixi geologiya kafedrası 1943-cü ildə yaranan Geologiya-coğrafiya fakültəsinin ilk kafedralarından biri olub, əvvəl Ümumi geologiya və hidrogeologiya kafedrası adlanıb. Bu kafedra sonralar yaradılan digər kafedraların əsas bazası hesab olunur. Müxtəlif illərdə yeni kafedraların açılması, mövcud kafedraların elmi kadr potensialının artırılması və gücləndirilməsi, elmi tədqiqat və tədris laboratoriyalarının yaradılması, digər olkələrin elm və tədris mərkəzləri ilə əməkdaşlıq fakültənin fəaliyyətinin əsas prioritet istiqaməti olub. Fakültənin məzunları arasında görkəmli alimlərlə yanaşı, ölkəmizin inkişafında xüsusi əməyi olan ictimai-siyasi xadimlər, ərazi bütövlüyümüz uğrunda vuruşan qəhrəmanlarımız var.
Fakültə təkcə Azərbaycan üçün deyil, yaxın və uzaq xarici ölkələr üçün də yüksək ixtisaslı mütəxəssislər, elmi kadrlar hazırlayıb. Geologiya fakültəsində xarici ölkələr üçün mütəxəssis hazırlığına 1968-ci ildən başlanılıb. Qısa müddət ərzində BDU, xüsusən Geologiya fakültəsi keçmiş İttifaqda bu sahədə peşəkar kadrlar hazırlayan əsas mərkəzlərdən birinə çevrilib. Bu illər ərzində xarici ölkələr üçün (Kuba, Əlcəzair, Misir, Suriya, Vyetnam, İordaniya, Şri-Lanka, Əfqanıstan, Yəmən, Türkiyə, İran və s.) 500-dən artıq yüksək ixtisaslı mütəxəssis, o cümlədən 40-a yaxın elmlər namizədi və doktoru hazırlanıb. Məzunlardan bir qismi öz ölkələrində yüksək dövlət vəzifələrində çalışıblar. 1980-1981-ci illərdə Geologiya fakültəsi keçmiş SSRİ-də ilk dəfə olaraq BMT-nin geologiya kursu təcrübəçiləri üçün tədris-laboratoriya bazası kimi (Faydalı qazıntılar kafedrasının moderatorluğu ilə) fəaliyyət göstərib. Təcrübəçilərin akademik hazırlığı bir aylıq kurslarda “Sedimentalogiya” (1980) və “Polimetal yataqların geologiyası” (1981) istiqamətlərində aparılıb. Kurslarda 16 ölkənin nümayəndəsi hazırlıq keçib. Fakültədə uzun illər keçmiş SSRİ-nin və xarici ölkələrin aparıcı alimləri geologiyanın başlıca problemlərinə həsr olunmuş açıq mühazirələrlə (ustad dərsləri) çıxış ediblər.
Geologiya-coğrafiya fakültəsinə 1943-1952-ci illərdə professor Əziz Əsgərov, dosent Abdulla Şahbazov, professor Hadi Əliyev rəhbərlik edib. Sonrakı illərdə fakültə dekanı vəzifəsində professorlar Səttar Süleymanov (1952-1963), Ramiz Sultanov (1963-1965), dosent Mürsəl Həsənov (1965-1967), professor Rizvan Piriyev (1967-1972), akademik Vasif Babazadə (1973-1981), AMEA-nın müxbir üzvü Qədir Sultanov (1981-1986), professor Tofiq Şahsuvarov (1986-1992), dosentlər Adil Xasayev (1992- 2016), Məhluqə Məmmədova (2016- 2021) çalışıblar. Fakültəyə 2022-ci ildən dosent Mamoy Mansurov rəhbərlik edir.
Keçən əsrin 50-ci illərindən başlayaraq fakültə alimlərinin geologya elminin inkişafında, onun dünya miqyasında tanınmasında, tədrisin təşkili və yüksək ixtisaslı mühəndis-geoloq kadr hazırlığının həyata keçirilməsində, qızıl, mis, qurğuşun, sink, civə, xromit, barit və s. faydalı qazıntı yataqlarının öyrənilməsində və işlənilməsində müstəsna xidmətləri olub. Onlardan AMEA-nın həqiqi üzvləri Vasif Babazadə, Musa Əliyev, Əliəşrəf Məm¬mədov, Şəfayət Mehdiyev, Mirəli Qaşqay, Ədhəm Şıxəlibəyli, Arif İsmayılzadə, Akif Əlizadə, müxbir üzvləri Qədir Sultanov, Xudu Məmmədov, Tələt Kəngərli və digərlərinin adlarını çəkmək olar. Fakültədə çalışan alimlərdən akademiklər Şəfayət Mehdiyev və Faiq Bağırzadə müxtəlif illərdə (1958-1965 və 1970-1989) BDU-nun rektoru işləyiblər. BDU-nun prorektoru vəzifəsini daşımış akademiklər Əzəl Sultanov, Şirəli Məmmədov, müxbir üzvlər Qədir Sultanov və Ramiz Sultanov da fakültənin professorları olublar.
Geologiya fakültəsində təhsilin bakalavriatura, magistratura, doktorantura səviyyələrində elmi-pedoqoji kadr hazırlığı həyata keçirilir. Fakültədə 5 kafedra (Ümumi və tarixi geologiya, Hidrogeologiya və mühəndis geologiyası, Seysmologiya və Yer təkinin fizikası, Faydalı qazıntılar və Kristalloqrafiya, mineralogiya və geokimya kafedraları) və bir elmi-tədqiqat laboratoriyası (Kompleks geoloji və geofiziki tədqiqatlar ETL), Azərbaycanın Faydalı qazıntılar muzeyi, Akademik Musa Əliyev adına kabinet, Geologiya və Geofizika İnstitutunda yaradılan tədris elmi mərkəz fəaliyyət göstərir.
Geologiya fakültəsində 35-ə qədər professor-müəllim heyəti çalışır. Onlardan biri AMEA-nın həqiqi üzvü, 7 nəfəri elmlər doktoru, professor, 19-u yer elmləri üzrə fəlsəfə doktoru, dosent, baş müəllim və müəllimdir. Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində həyata keçirilir. Fakültədə “Geologiya”, “Geologiya və geofizika mühəndisliyi”, “Mədən mühəndisliyi” və “Meliorasiya mühəndisliyi” ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. 4 istiqamət, 11 ixtisaslaşma üzrə magistrlər, 7 ixtisas üzrə isə fəlsəfə və elmlər doktorları hazırlanır.
Geologiya fakültəsi yarandığı gündən tədris və elmi fəaliyyət günün tələblərinə uyğun qurulub, bu da fakültənin daim inkişafda olmasını təmin edib. Hazırda Geologiya fakültəsində fundamental təhsil verilir və dünya səviyyəli müasir elmi tədqiqatlar aparılır. Fakültə böyük elmi-texnoloji, kadr potensialına, elmin və texnologiyanın müxtəlif istiqamətlərində məqsədli kadr hazırlığını həyata keçirmək imkanlarına malikdir. Tədqiqat mövzuları müasir elmin inkişaf tendensiyalarına tamamilə uyğundur. Geologiyanın aktual problemləri hazırda fakültə əməkdaşlarının elmi-tədqiqat işlərinin əsasını təşkil edir. Fakültədə müasir standartlara cavab verən tədris proqramları hazırlanıb. Son iyirmi ildə fakültə əməkdaşları tərəfindən 60-dan artıq monoqrafiya, 30 dərslik və dərs vəsaiti hazırlanıb.
Fakültə alimləri bir çox ölkədaxili və beynəlxalq fondların qrantlarını alıblar, aparılan tədqiqatların nəticələri dünyanın nüfuzlu elm jurnallarında dərc olunub. Elmi-tədqiqat sahəsində yaxşı nəticələr əldə edən tələbələrə, magistrant və doktorantlara dünyanın aparıcı tədqiqat mərkəzlərində təcrübə keçmək, beynəlxalq konfranslarda məruzə ilə çıxış etmək imkanları yaradılır.
Elm və təhsil fəaliyyətinin əsas göstəricilərindən sayılan beynəlxalq əlaqələrin qurulması, yerli və beynəlxalq konfransların keçirilməsi, müasir və aktual problemlərə həsr olunmuş seminarların təşkili əsas məqsədlərdəndir. Fakültənin professor-müəllim heyəti müxtəlif təcrübə proqramlarında, ölkədaxili və beynəlxalq layihələrdə yaxından iştirak edirlər, onların məqalələri nüfuzlu beynəlxalq bazalarda indeksləşdirilmiş jurnallarda ("Web of Science", "Scopus" və s.) dərc olunur. Təkcə son beş ildə fakültənin əməkdaşlarının 200-dən artıq məqaləsi (o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan jurnallarda) çapdan çıxıb.
Geologiya fakültəsində hər il Ümumimilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş “Yer təkinin öyrənilməsi və mineral xammal ehtiyatlarının proqnozlaşdırılması”, Tələbə Elmi Cəmiyyətinin “Yer qabığında gedən proseslər haqqında müasir təsəvvürlər” mövzusularında Respublika elmi konfransları keçirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə BDU-nun nəzdində “Petrologiya, vulkanologiya” və “Bərk faydalı qazıntıların geologiyası, axtarışı və kəşfiyyatı, minerageniya” ixtisasları üzrə Dissertasiya Şurası yaradılıb. 2024-cü ilin ilk 6 ayı ərzində Dissertasiya Şurasında fəlsəfə doktoru proqramı üzrə 3, elmlər doktoru proqramı üzrə isə 1 dissertasiya işi müdafə olunaraq, AAK-a təqdim olunub.
Fakültədə elmi-tədqiqat işlərinin səmərəliliyini və tədrisin keyfiyyət göstəricilərini yüksəltmək məqsədilə Türkiyə (İstanbul Texniki Universiteti, Orta Doğu Texniki Universiteti, Kocaeli Universiteti), Rusiya (M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Novosibirsk Dövlət Universiteti), Ukrayna (T.Şevçenko adına Kiyev Dövlət Universiteti, Xarkov Dövlət Universiteti), İran (Payami Nur Universiteri), Qazaxıstan (K.İ.Satpayev adına Qazaxıstan Milli Texniki Universiteti), Gürcüstan (Tbilisi Dövlət Universiteti), ABŞ (Mayami Universitetı), Özbəkistan (Geoloji Elmlər Universiteti, Mineral Xammal İnstitutu) və digər ölkələrin qabaqcıl elm və təhsil müəssisələrilə elmi əməkdaşlıq aparılır, müştərək elmi məqalələrin və monoqrafiyaların yazılması həyata keçirilir. Fakültə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji-Kəşfiyyat Agentliyi, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Geologiya və Geofizika İnstitutu, Neft və Qaz İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzi, SOCAR və onun nəzdində olan sahə elmi-tədqiqat institutları, “AzerGold” QSC, “Azerbaijcan İnternational Mining Company Limited” Şirkəti, BP və s. şirkətlərlə aktiv və səmərəli əməkdaşlıq edir.
Geologiya fakültəsi BDU-nun İnkişaf Strategiyasına uyğun olaraq öz yaxın, orta və uzaq perspektivdəki hədəflərini müəyyənləşdirib. Zəngin və məhsuldar keçmişi olan Geologiya fakültəsi yeni uğurlara doğru inamla addımlayır.