Almaniyanın Karlsrue Texnologiya İnstitutunun tədqiqatçı-professoru, fizika-riyaziyyat elmləri doktoru Əli İsmayıl-Zadə Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları, gənc tədqiqatçıları və tələbələri üçün “Fəlakətlər haqqında elmin sərhədlərinin genişləndirilməsi” (Advancing Frontiers of Disaster Science) mövzusunda mühazirə ilə çıxış edib.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Universitetin ən böyük missiyası ölkə üçün yüksək səviyyəli kadrların hazırlanmasıdır: “Universitetin dünya şöhrətli məzunu Ümummilli liderimiz Heydər Əliyevdir. BDU məzunları ölkəmizdə və xaricdə layiqincə təmsil edirlər. Dünyanın müxtəlif ölkələrində öz elmi məktəblərini yaradan BDU məzunları da var. Belə uğurlu məzunlarımızdan biri də professor Əli İsmayıl-Zadədir”.
Əli İsmayıl-Zadə mühazirəsinin əvvəlində fundamental elmlərin, geofizikanın, təbii təhlükələrin öyrənilməsinin risklərin qiymətləndirilməsinə necə töhfə verdiyindən danışıb.
O qeyd edib ki, təbii təhlükələr, fəlakətlərə qarşı həssaslıq və onların təsirləri ilə bağlı tədqiqatlara inteqrasiya olunmuş Yer müşahidələri, məlumatların təhlili və modelləşdirilməsi əsasında elmi kəşflər risklərin qiymətləndirilməsinə kömək edir və beləliklə, fəlakətlər haqqında elmin sərhədlərini genişləndirir. Litosferin dinamikasının ədədi modelləşdirilməsi və zəlzələlərin modelləşdirilməsi seysmik təhlükənin ehtimal analizi ilə birlikdə gələcəkdə güclü zəlzələlər nəticəsində potensial yer silkələnməsinin daha dəqiq qiymətləndirilməsini təmin edə bilər. Lava qübbəsinin böyüməsinin, onun potensial dağılmasının və lava/piroklastik axınların modelləşdirilməsi vulkan təhlükəsinin qiymətləndirilməsində önəmli rol oynayır. Təhlükələrin təhlili, modelləşdirilməsi və proqnozlaşdırılması ekstremal hadisələrin təsirini azaltmağa yönəlmiş profilaktik tədbirlərin işlənilib hazırlanmasına kömək edir. Təbii fəlakətlərə qarşı həssaslıq, sosial qarşılıqlı əlaqə və mürəkkəblik, habelə risklərin azaldılması, risklər barədə ictimaiyyətin məlumatlandırılması, davamlı inkişafın təmini və elmi əsaslı inkişaf siyasətinin hazırlanması ilə bağlı problemlər artdıqca, təhlükəli hadisələrin nəticələrinin şiddəti də artır.
Mühazirədə daha sonra fəlakətlər və risklər haqqında elmi biliklərin fəlakət və fəlakətlərə hazırlıqla əlaqəsi, eləcə də əhalinin onlar haqqında məlumatlındırılması haqqında danışılıb. Qeyd olunub ki, təbiət, mühəndislik, sosial elmlərin və təcrübənin inkişaf siyasəti ilə inteqrasiyası fəlakət riskinin azaldılması tədbirlərini əhəmiyyətli dərəcədə təkmilləşdirməlidir. Məlumatlı qərarlar qəbul etmək üçün əldə edilmiş biliklərin faydalı mesajlar və mümkün siyasi və iqtisadi tədbirlər şəklində ötürülməsi məqsədilə elmi tədqiqatlarda vahid, fənlərarası və konvergens yanaşmaların inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.