Çin Xalq Respublikasının Renmin və Tsinghua universitetlərinin professorları BDU-da seminar keçiriblər
Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq əlaqələr və iqtisadiyyat, Hüquq fakültələrinin tələbələrinin qatıldığı beynəlxalq seminar keçirilib. Seminarda Çin Xalq Respublikasının Renmin Universitetinin Chongyang Maliyyə Tədqiqatları İnstitutunun dekanı, professor Vang Ven “Dünyada baş verən müasir dəyişikliklərə ÇXR-in yeni baxışı və ÇXR – Azərbaycan gələcək əməkdaşlığı” mövzusunda məruzə edib.
Professor Vang Ven Çinin hazırkı inkişaf səviyyəsi, burada həyata keçirilən islahatlar, müasir dünyada baş verən dəyişikliklər fonunda Çinin yeni geosiyasi, geostrateji və sosial-iqtisadi yanaşması haqqında tələbələrə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanla strateji xarakter daşıyan və fərqli sahələri əhatə edən çoxtərəfli münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir. Hazırda Azərbaycan-Çin əlaqələri siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə genişlənməkdədir.
Tsinghua Universitetinin Şvarçman Kollecinin dekanı, professor Pan Qingzhong Çin ali təhsil sistemi haqqında tələbələri məlumatlandırıb. O, tələbələrə Çinin inkişaf tarixindən bəhs edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.